Valideynləri ən çox narahat edən mövzulardan biri də uşaqların boy problemidir. Boy artımı uşaqların normal böyüməsi və inkişafı üçün vacib göstəricilərdəndir. Boy artımının ləngiməsi əsasən 2-5 yaşlarda aşkar edilir. Uşağın normal boyu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş cədvəllərə əsasən hesablanır. Uşağın boyu həmin cədvəldən çox aşağı həddədirsə, uşaq müayinə edilir, boy hormonu (somatotropin) yoxlanılır və əllərin rentgen müayinəsi olunaraq bioloji yaşa baxılır. Uşağın boyu üç aydan bir ölçülərək nəzarətdə saxlanılır.
4 yaşında uşağın boyu təxminən doğum boyunun iki misli qədər olmalıdır.
Uşaqlarda olan genetik xüsusiyyətlər, qidalanma, ətraf mühit və digər amillər boy artımına təsir edir. Boyu qısa olan uşaqlarda hər hansı bir xəstəliyin olub-olmaması araşdırlır, lazımi boy artımı olması üçün valideynə uşağın normal qidalanması, bəzi idman növləri, xüsusilə basketbol, voleybol və yüngül atletika ilə məşğul olması məsləhət görülür. Uşaq 1 yaşadək 25, 1-2 yaş arası 10-12, 2-4 yaşında 14-15, 4 yaşından 10 yaşına qədər 30-32 santimetr boy atmalıdır. 11 yaşından yetkinlik yaşına qədər boy artımı hər il 5-10 sm təşkil edir. Boy artımı yaşa uyğun olmadıqda həkim mütəxəssisin nəzarəti altına alınmalıdır.