Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu
Azərbaycanda ilk yaradılan şəfa ocaqlarından biri olan K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu bir əsrə yaxındır ki, uşaqların sağlamlığının qorunması kimi mühüm və nəcib işə xidmət edir.
Bugünkü reallığımıza çatmaq üçün institutumuz 100 ilə yaxın tarixi bir yol keçərək müalicə və təhsil ocağı olmuşdur. Humanizm ideyalarına sədaqəti, qayğıkeşliyi və rəşadəti ilə öyünən institutun ənənələrinin kökləri dərin olmaqla, onun yaranma tarixinə gedib çıxır. Bu tibb müəssisəsi 1925-ci ildə 200 çarpayılıq uşaq xəstəxanasının bazasında təşkil olunmuş, 1927-ci ildə yenidən qurularaq Ana və Uşaqları mühafizə institutuna çevrilmişdir. İnstitut həmçinin respublikada elmi-metodik mərkəz olmaqla, mövcud olduğu illər ərzində böyük işlərin öhdəsindən gəlmişdir.
Azərbaycan Respublikası dövlət müstəqilliyi əldə etdikdən sonra K.Y.Fərəcova adına ET Pediatriya İnstitutunun inkişafında xüsusi bir mərhələ başlanmışdır. Bu gün səhiyyə sistemində kadr hazırlığı işi Dövlət Başçısının bilavasitə himayəsi altında bir neçə istiqamətdə yüksək səmərəliliklə həyata keçirilir. Əsas istiqamətlər fəaliyyətdə olan tibb kadrlarının hazırlanmasından, gənc mütəxəssislərin dünyanın inkişaf etmiş ölkələrində təcrübə keçməsindən, xarici ölkələrdən dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə təşkil olunan seminar və kurslarda aparılan təlimlərdən və həmçinin, ölkədə mövcud olan tibb təhsilinin təkmilləşdirilməsindən ibarətdir. İnstitutumuz bu sahədə xüsusilə fərqlənərək, öncüllərin sırasında olmuşdur.
K.Fərəcova adına ET Pediatriya institutu əsaslı təmir olunaraq yenidən qurulmuş, müasir tibb avadanlıqları ilə təchiz olunaraq savadlı mütəxəssisləri və tibb işçiləri ilə respublikamızda uşaqların sağlamlığının qorunması kimi nəcib işə həsr olunmuş fəaliyyətini var qüvvəsi ilə davam etdirməkdədir.