Uşaq Cərrahiyyə Şöbəsi
Elmi-Tədqiqat Pediatriya İnstitutunun Uşaq Cərrahiyyə Şöbəsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 19.11.2010 tarixli 100 saylı əmri əsasında təşkil edilmişdir. Şöbə 0-3 yaşlı (3 yaş daxil olmaqla) uşaqlara ixtisaslaşdırılmış cərrahi yardım göstərilməsi üçün nəzərdə tutulmuşdur. 2013-2014-cü illərdə ETPİ, o cümlədən UCŞ əsaslı təmir olunmuşdur, bütün avadanlıqlar və mebellər ən müasirlər modellərlə yenilənmişdir. Şöbə 40 çarpayılıqdır. Cərrahi əməliyyat bloku, sarğı və manipulyasiya otaqları, 2-4 nəfərlik palatalar, mətbəx, 6 sanitar qovşağı, iki texniki otaq və s. ibarətdir. Şöbədə 10 həkim uşaq cərrahı fəaliyyət göstərir. Cərrahi əməliyyat blokuna iki əməliyyat otağı, sterilizasiya mərkəzi, postoperasion ayıltma otağı daxildir. Əməliyyatxana Karl Storz firmasının endoskopik cərrahiyyə dəsti və 3-5 mm-lik pediatrik endoskopik (laparo- və torakoskopik) alətlər dəsti ilə təhciz edilmişdir.
UCŞ-də geniş spektrdə abdominal, torakal cərrahi əməliyyatlar icra edilir: Ağ ciyər və divaraaralığı üzvlərinin, qaraciyər və öd yollarının, qida borusu, Mədə-bağırsaq traktının, peritonun yataq çıxıntısının, diafraqma və qarnın ön divarının inkişaf qüsurları və qazanılma xəstəliklərinin müalicəsində müasir cərrahi üsullar tətbiq edilir. Uşaq cərrahiyyəsinin, o cümlədən yenidoğulanların ağır cərrahi xəstəlikləri olan qida borusunun atreziyası zamanı traxeoezofageal fistulun ləğvi, qida borusunun bərpası, qida borusunun yoğun bağırsaqla plastikası (koloezofaqoplastika), müxtəlif Diafraqma yırtıqları zamanı diafraqmanın açıq yaxud endoskopik plastikası, fundoplikasiya, öd yollarının atreziyası və sistləri zamanı Kasai əməliyyatı (portoyeyunostomiya) və Ru üsulu ilə hepatikoyeyunostomiya, nazik və yoğun bağırsaqların xəstəlikləri zamanı müxtəlif rekonstruktiv-bərpa əməliyyatları, Hirşprunq xəstəliyi zamanı formasından asılı olaraq Transanal endorektal (qarın boşluğu açılmadan), abdominal köməkli transanal endorektal, xəstəliyin ağır formalarında rektal rezervaur yaratmaq üçün Dühamel – Martin əməliyyatı (bu zaman proksimal yoğun yaxud nazik bağırsaq tranmezenterial retrorektal yaxud 180 dərəcə çevirmək şərtilə sağ tərfədən endirilir), anorektal inkişaf qüsurları zamanı (anus və düz bağırsağın atreziyası, kloaka, urogenital sinus və s.) Arxa sağittal anorektoplastika, Total urogenital mobilizasiya, uşaqlığın bağırsaq seqminti ilə plastikası kimi cərrahi əməliyatlar müvəffəqiyyətlə icra edilir. Həmçinin, qasıq yırtığı, əllənməyən enməmiş xaya, kəskin appendisit, biliar atreziya, diafraqmal yırtıq, bağırsaq qanaxması, öd daşı, yumurtalıq sistləri, bağırsaq invaginasiyası, anusun və düz bağırsağın sidik kisəsinə fisyullu atreziyası zamanı laparoskopik yaxud torakoskopik olaraq herniotomiya, PİRS (qasıq həlqəsinin perkutan bağlanması), 1 yaxud 2 mərhələli orxidopeksiya, appendektomiya, intraoperasion (laparoskopik) xolangioqrafiya, difraqmanın plastikası (torakoskopik yaxud laparoskopik), Mekkel divertikulunun yaxud bağırsaq duplikasiyasının laparoskopik köməkli rezeksiyası, xolesistektomiya, sistoovarioektomiya, dezinvaginasiya, rektovezikal fistulun ləğvi və anorektoplastika kimi əməliyyatlar həyata keçirilir
Umud Musayev
şöbə müdiri, uşaq cərrahı