Pulmonologiya Bölməsi

Bronx-ağciyər xəstəlikləri ilə mübarizə problemi pediatriya sahəsində ümdə məsələlərdən biri kimi qalmaqda davam edir, çünki  respirator xəstəliklərin əhəmiyyətli dərəcədə tez-tez rast gəlməsi, onların  yüksək xüsusi çəkiyə  malik olması uşaq  ölümü strukturunda aktual  məsələ hesab olunur.

İnstitutda 5 mərtəbəli yeni korpusun  istifadəyə  verilməsi ilə əlaqədar olaraq  1978-ci ildən etibarən  yenidənqurma işləri həyata  keçirilmiş və yeni yaranan «Pulmonologiya» elmi bölməsi fəaliyyət göstərməyə başlamışdır.

O vaxtdan başlayaraq  bu bölmənin  əməkdaşları tərəfindən müalicə işləri ilə  yanaşı, həm də bronx-ağciyər  patologiyalarının müxtəlif  aspektlərinə dair  elmi  tədqiqat işləri də  aparılmışdır.

İndiyə kimi əməkdaşlar  tərəfindən 11 elmi tədqiqat işi  müxtəlif  vaxtlara nəzərdə  tutulmuş və hamısı da vaxtında  yerinə yetirilmişdir.

Respublikada ilk dəfə olaraq erkən yaşlı uşaqlarda kəskin bronx-ağciyər  xəstəliklərinin baş verməsində virusların, bakteriyaların, müxtəlif növ törədicilərin prosesdə  iştirakı  qiymətləndirilmişdir. Həmçinin, timomeqaliya və eksudativ kataral diatez  fonunda keçən bu xəstəliklərin etioloji strukturu, yayılması, klinik-rentgenoloji  və immunoloji xüsusiyyətləri kompleks şəkildə tədqiq olunmuş,  timus vəzinin  böyümə dərəcəsi ilə immun sistem arasında əlaqə müəyyən edilmişdir. Timomeqaliyanın yeni rentgenoloji üsulla təyin edilməsi geniş şəkildə  praktikaya tətbiq edilmişdir.

Tənəffüs sistemi xəstəlikləri ilə tez-tez, uzun müddət xəstələnən uşaqlarda oksigen metabolizmi sistemində uyğunlaşma-bərpa reaksiyalarının  vəziyyəti öyrənilmiş, dismetabolizm halları müəyyən edilmiş, onun  müasir korreksiya üsulları tətbiq olunmuş, posthipoksik –işemik ensefalopatiya fonunda pnevmoniyanın gediş xüsusiyyətləri dəqiqləşdirilmiş, xarici  tənəffüs göstəriciləri, enerji  mübadiləsi dəyişikliklərinin  klinik-patogenetik əhəmiyyəti öyrənilmişdir. Diaqnostik meyarlar əsaslandırılmışdır ki, bu da erkən  bərpa proseslərinin mexanizminin aşkara çıxarılmasına   imkan verir və müalicə-profilaktika  tədbirlərin  işlənib hazırlanmasına şərait yaradır.

Son elmi-tədqiqat işləri aşağıdakı  nəticələrə gəlməyə imkan verir: xəstəliklərin kompleks-klinik, biokimyəvi və immunoloji  aspekdə yoxlanılması xəstəliyin  dinamikasında cəmlənən  mürəkkəb səbəb –nəticələrin  münasibətinin  çoxluğunu göstərir ki, bu da patoloji prosesin istiqamətini mühakimə etməyə əsas verərək xəstəliyin proqnozunu təyin edir, lazımi  terapevtik  metodu seçməyə  kömək edir. Bu xəstələrdə α-antitrinsinin və  qanın faqositar fəallığının  əhəmiyyətli  azalması baş verir. Fenotipin homoziqot  tiplərinin Hp 2-2; H 1-1 artma tezliyindən fəsadlaşmış pnevmoniyalar  zamanı  diaqnostik  test kimi istifadə etmək olar. Erkən yaşlı uşaqlarda bronx-ağciyər xəstəlikləri zamanı hemostazın vəziyyəti göstərdi ki, uşaqlarda fəsadlaşmış pnevmoniya zamanı  kəskinləşmə dövründə hemostazın  hiperkoaqulyasion istiqamətli olması, plevritlərdə isə fibrinolizin fəallığı ağciyərlərdə  destruksiyaların baş  verəcəyi  ehtimalını göstərərək proqnostik əhəmiyyət daşıyır, antiproteazların (kontrikal, qordoks)  təyin  olunmasının  vacibliyini reallaşdırır.

Şöbədə 6 tibb  elmləri namizədi hazırlanmış, 3 doktorluq dissertasiyasının  materialları şöbədə yerinə yetirilmişdir. Hal-hazırda  1 doktorluq  işi və 1 namizədlik  işi yerinə yetirilməkdədir.

Şöbədə yerinə yetirilən  elmi-tədqiqat işlərinin  nəticələri   ümumittifaq  qurultayları, konfransları və simpoziumlarının materialları  toplusunda, Belnəlxalq  simpoziumun materiallarında, həmçinin vaxtaşırı mötəbər  mərkəzi jurnallarda,  Pediatriya jurnalı, Kazan Tibb  jurnalında, vaxtaşırı institutun elmi işlərə həsr  olunmuş məqalələr toplusunda dərc edilmişdir.

Belə işlərin nəticələri Türk dünyası pediatrlarının konqresində, həmçinin İranda-Tehran şəhərində keçirilən beynəlxalq pediatrların konqreslərində də özünə yer tapmışdır.

Elmi işlərin yerinə yetirilməsinin yekununa və nəticələrinə görə 2 səmərələşdirici təklif, 3 müəlliflik şəhadətnaməsi əldə edilmişdir.

Görülən işlərin nəticələri 250-dən artıq elmi iş,14 metodik tövsiyyə, 2 vəsaitdə işıqlandırılmışdır.

Bölmənin əməkdaşları tərəfindən 16 dissertasiya işinə,  aparıcı təşkilatın adından təqdim olunan 14 dissertasiya işinə rəylər verilmişdir. Azərbaycan Tibb Universitetinin nəzdindəki dissertasiya şurasının iclasında 8 dəfə rəsmi opponent kimi çıxışlar etmişlər.

Əməkdaşlar respublikanın radio və televiziya verilişlərində, müxtəlif qəzet və jurnallarda uşaqların müxtəlif xəstəliklərinin profilaktikası və müasir müalicə üsulları mövzusunda həkim söhbətləri etmişlər.

Şöbənin əməkdaşları vaxtaşırı respublikanın rayonlarında yaşayan uşaqlara praktik kömək göstərmək üçün ezam olunmuşlar. 

Zenfira Mürsəlova

şöbə müdiri, t.ü.f.d., dosent

Səidə Əhmədova
Arzu Alxasova
Aygün Abbasəliyeva
Günel Ağayeva
kiçik elmi işçi
kiçik elmi işçi
kiçik elmi işçi
kiçik elmi işçi