Qidalanma uşaqların sağlamlığını, onların hormonik, düzgün inkişafını tənzimləyən güclü amildir. Ona görə də qidalanma kəmiyyət və keyfiyyətcə səmərəli olmaqla körpə orqanizminin tələblərini ödəməlidir. Bu baxımdan ana südü körpələr üçün ən ideal qidadır. Hər bir ananın südü öz körpəsi üçün adekvat, spesifikdir. Hələ VIII əsrdə müqəddəs dini kitabımız “Qurani-Kərim”in Əl-Bəqərə surəsinin 233-cü ayəsində uşaqların 2 yaşa kimi ana südü ilə qidalanması tövsiyə edilir. Ana südü uşaqların sağlamlığını ən yüksək səviyyədə təmin edir və xarici mühitin xoşagəlməz təsirlərinə qarşı orqanizmin davamlığını artırır. Ona görə də hər bir ana döş ilə əmizdirməyin nə üçün vacib olduğunu, ana südünün hansı üstünlüklərə malik olduğunu bilməlidir.
Döş ilə əmizdirmənin ən mühüm üstünlüklərindən biri də ana ilə uşaq arasında emosional və fiziki əlaqəni təmin etməkdir. Ana ilə körpə arasındakı mehribanlıq, doğmalıq, yaxınlıq gələcəkdə uşağın sosial davranışını, psixi inkişafını müəyyən edir. Belə uşaqlar sakit təbiətli, xeyirxah, mehriban və ünsiyyətli olurlar.
Körpənin qidalanma rejimini onun ozü təyin edir. Bu sərbəst rejim adlanır və sutka ərzində bir qayda olaraq 6-8 dəfədən 12 dəfəyədək dəyişə bilər. Aba südü ilə qidalanma körpələrin sağlam böyüməsi və inkişafı üçün analoqu olmayan ideal qida ilə təmin etmə vasitəsidir, buna görə də 6 ayadək körpələr yalnız döş ilə qidalanmalıdırlar. Ana südü özünün bioloji xüsusiyyətlərinə görə yeganə məhsuldur ki, uşağı həm tam dəyərli qida ilə, həm də lazımi maye ilə təmin edir. Südəmər körpənin normal inkişafı ananın necə qidalanması, istirahəti, immun sisteminin vəziyyəti və psixoloji durumundan çox asılıdır. 2 yaşa qədər ana südü ilə bəslənməsi uşağın sağlamlığının təməli və təminatıdır. Təbii qidalanan uşağa əmməni imitasiya edən boş əmziklərin istifadə edilməsi yolverilməzdir.
6 aylıqdan başlayaraq uşağa əlavə qidalar verilməyə başlanır. Uşağın qidasının xarakteri dəyişəndə mədə-bağırsaq traktının yeni qidaya uyğunlaşması o saat baş vermir. Bir müddət həzm traktı yeni rasion qidalarının həzm olunması üçün fermentlərin ifrazını təmin etmir və həzm pozğunluğunun yaranması təhlükəsi əmələ gəlir. Buna görə də hər yeni növ qidanı tədricən, az miqdarda vermək lazımdır.
Əlavə qidanın məqsədi – körpəni əlavə enerji və qida maddələri ilə təmin etməkdir. Lakin o, uşaq həyatının ilk 12 ayı ərzində ana südünü sıxışdırmamalıdır. Əlavə qidanı verməyə başlayan zamanı uşağı tez-tez döşlə əmizdirməyi davam etmək lazımdır. “Qatı qidanın” istifadə edilməsi sinir, əzələ, həzm, böyrək və müdafiə sisteminin inkişaf etməsini təmin edir. Yeni qidanı uşaq minimum 8-10 dəfə dadmalıdır. Ancaq qidanı aşkar müsbət qəbul etmə 12-15 dəfədən sonra baş verir. Uşaq yeni qidadan həzz almağı öyrənməlidir.