Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 15–19 may 2025-ci il tarixlərində keçirilən 9-cu Beynəlxalq Tibb və Sağlamlıq Elmləri Konfransında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) həkim mütəxəssisləri Nuranə Hüseynova və Tükəz Məmmədova onlayn çıxış ediblər.
ETPİ-nin direktoru, dosent Aynur Poluxova, elmi katib, dosent Sevinc Nəsirova və Nurana Hüseynova “Rubinstein-taybi syndrome in a child with floating harbor syndrome” mövzusunda elmi işi təqdim ediblər.
Eyni zamanda qarşılıqlı əməkdaşlıq çərçivəsində 23–24 may tarixlərində Qırğızıstan Respublikası, Bişkek şəhərində keçirilən “Mamalıq-Ginekologiya, Pediatriya və Uşaq Cərrahiyyəsi sahəsində innovasiyalar” mövzusunda beynəlxalq konqresində Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru dosent Aynur Poluxova açılış nitqi ilə çıxış edərək konfransın işinə uğurlar arzulayıb. Daha sonra həkim-pediatr Gülnaz Ağayeva məruzəçi qismində çıxış edib və konqresin materiallarında dərc olunmaq üçün institut tərəfindən beş elmi məqalə təqdim edilib.
Bundan əlavə 29–30 may 2025-ci il tarixlərində Naxçıvan Dövlət Universiteti Tibb Fakültəsinin yaradılmasının 25 illiyinə həsr olunmuş “Cərrahi və mama-ginekoloji problemlərə multidissiplinar yanaşmalar” mövzusunda keçiriləcək beynəlxalq konfransda ETPİ-nin 9 həkim mütəxəssisi neonatologiyanın aktual problemlərinin müzakirəsi və elmi əsaslandırılması məqsədilə müxtəlif mövzularda çıxışlar edəcəklər. Eyni zamanda həkim mütəxəssislərin xəstə baxışlarında iştirakı planlaşdırılır.
