Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun əməkdaşları beynəlxalq konqresdə məruzələrlə çıxış edəcəklər

3–5 iyul 2026-cı il tarixlərində Çin Xalq Respublikasının Sian şəhərində keçiriləcək XIII Avrasiya Uşaq Həkimləri Konqresi “Uşaq və cəmiyyət: sağlamlıq, inkişaf və qidalanma problemləri” çərçivəsində Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun əməkdaşları dəvətə əsasən ölkəmizi beynəlxalq elmi platformada təmsil edəcəklər.
Konqresdə institutun Pediatriya üzrə Elmi Şöbəsinin müdiri, t.ü.f.d. Günay Bədəl qızı Salehova və institutun həkimi dos.,t.ü.f.d. Aytəkin İsmayıl qızı Adilova elmi məruzələrlə çıxış edəcəklər.
Günay Salehovanın təqdim edəcəyi məruzənin mövzusu “Pediatrik praktikada mənşəyi naməlum qızdırma: visseral leyşmanioz, klinik yanaşma və diaqnostik problemlər” olacaq. Məruzədə uşaqlarda naməlum qızdırmanın diferensial diaqnostikası, visseral leyşmaniozun klinik xüsusiyyətləri və diaqnostik yanaşmalar müasir elmi məlumatlar əsasında təqdim ediləcək.
Aytəkin Adilovanın məruzəsi isə (ETPİ-nin şəxsi klinik müşahidəsi) “Yenidoğulmuşda qarışıq xromosom xəstəliyi ilə yanaşı gonadal disgenezinin klinik halı” mövzusuna həsr olunub. Məruzədə nadir rast gəlinən genetik patologiyanın klinik xüsusiyyətləri, diaqnostik yanaşmalar və yenidoğulmuş dövründə idarə olunması ilə bağlı praktik şəxsi təcrübəmiz təqdim ediləcək.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *