İnstitutun direktoru, Elmi Şuranın sədri t.ü.f.d., dosent Aynur Poluxova keçirilən iclasın gündəliyinə institutda hazırlıq keçən həkim-rezidentlərin və onların rəhbər-kuratorlarının illik hesabatlarının müzakirəsi və rezidentlərin attestasiyası, həmçinin müxtəlif məsələlərin daxil olduğunu bildirib.
İclasda rezidentlərin 2025-ci il üçün hesabatları dinlənilib. Hesabatların təqdimatından sonra Şura üzvləri tərəfindən geniş müzakirələr aparılıb, elmi fəaliyyətin təkmilləşdirilməsi istiqamətində tövsiyələr verilib. Açıq səsvermə nəticəsində hesabatlar qənaətbəxş hesab edilib.
Elmi Şurada, eyni zamanda, son dövrlərdə institutun beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi elmi fəaliyyətlər və nailiyyətlər direktorun elmi işlər üzrə müavini, dosent Sevinc Nəsirova tərəfindən diqqətə çatdırılıb. Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə Qırğızıstan Respublikası “Ana və Uşaqların Mühafizəsi Milli Mərkəzi” arasında imzalanmış əməkdaşlıq memorandumu əsasında son 5 ildə aparılan planlı işlərin nəticəsi olaraq “Pediatriyada sübutlu təbabət” mövzusunda birgə monoqrafiyanın çapı nəzərdə tutulur.
Beynəlxalq əməkdaşlıq çərçivəsində aparılan işlərə əsasən İnstitutun direktoru dosent Aynur Poluxova Qırğızıstan Respublikası “Ana və uşaq sağlamlığı” Jurnalının Redaksiya Heyətinin üzvlüyünə qəbul olunub.
ETPİ-nin Uşaq xəstəlikləri üzrə elmi şöbəsinin əməkdaşları t.ü.f.d. Günay Salehova və k.e.i. Qəmər İsgəndərova 02–09 sentyabr 2025-ci il tarixlərində İtaliyanın Roma şəhərində keçirilən 10-cu Beynəlxalq Tibb və Sağlamlıq Elmləri Konqresində onlayn məruzə ilə çıxış ediblər.
Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Erkən yaşlı uşaqların cərrahiyyəsi şöbəsinin müdiri Umud Musayev və həkim-cərrah Sabir Novruzov 19-20 sentyabr 2025-ci il tarixlərində Özbəkistan Respublikası Səmərqənd şəhərində keçirilən Avrasiya Uşaq Cərrahları Konfederasiyasının 1- ci konqresində iştirak ediblər. Həkim-cərrah Umud Musayev konqresdə “Uşaqlarda mədə-bağırsaq traktının yad cisimlərinin cərrahi müalicəsi” mövzusunda məruzə ilə canlı çıxış edib.
Bundan əlavə, 28–30 sentyabr 2025-ci il tarixlərində keçiriləcək “Gevher Nesibe 15-ci Beynəlxalq Sağlık Bilimleri Konqresi” və 07–08 oktyabr 2025-ci il tarixlərində baş tutacaq “3-cü Uluslararası Sağlık Bilimlerinde Vaka Analizi ve Olgu Sunumu” konqreslərində institutun Tibbi-sosial araşdırmalar və elmi-tədqiqat işlərinin planlaşdırılması üzrə elmi şöbəsi və Uşaq xəstəlikləri üzrə elmi şöbəsinin əməkdaşları onlayn məruzələrlə çıxış edəcəklər.
ETPİ-nin həkim-pediatrları t.ü.f.d., dosent Gülnaz Ağayeva və Aygün Manafova 15–19 oktyabr 2025-ci il tarixlərində Şimali Kipr Türk Cümhuriyyətində keçiriləcək 69-cu Türkiyə Milli Pediatri Konqresində iştirak edərək poster məruzə təqdim edəcəklər.
21–23 oktyabr 2025-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək 4-cü Beynəlxalq Pediatriya, Perinatologiya və Uşaq Sağlamlığı Sammitində institutun əməkdaşları t.ü.d. Nüşabə Pənahova, t.ü.f.d., dos. Aytəkin Adilova və t.ü.f.d. Günay Salehova məruzə ilə çıxış edəcəklər.
Elmi diaqnostik tədqiqatlar laboratoriyasının müdiri Nazilə Kərimovanın “Modern pediatrics” jurnalında (Scopus, Q4 kvartili) “Determination of alpha-defensin levels in dynamics in newborns with sepsis” mövzusunda məqaləsi çapa qəbul edilib.
Eyni zamanda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən icra üçün instituta daxil olan “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 24 iyul tarixli Sərəncamıını şura üzvlərinin diqqətinə çatdırıb.


