Vətən müharibəsinin ilk şəhid həkimi Turqut Xəlilbəyli

Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də misilsiz qəhrəmanlıq və şücaət göstərərək öz adlarını şərəfli tariximizə yazıblar.

Vətən müharibəsi zamanı vəzifə borcunu şərəflə yerinə yetirən həkimlərimizdən biri də Turqut Xəlilbəylidir. Vətən müharibəsinin ilk şəhid həkimi olan leytenant Turqut Xəlilbəyli müharibənin ilk günlərindən ön cəbhədə yaralı əsgər və zabitlərin həyatını xilas etmək üçün var gücü ilə çalışıb, öz vəzifəsini layiqincə yerinə yetirib. Oktyabr ayının 7-də Turqut növbəti döyüşün gedişində yenə də yaralı əsgərlərimizi xilas etmək məqsədilə birbaşa atəş zonasına üç dəfə giriş edib, lakin dördüncü dəfə düşmənin atdığı artilleriya mərmisi nəticəsində aldığı ağır qəlpə yaraları səbəbindən leytenant Turqut Xəlilbəylinin həyatını qurtarmaq mümkün olmur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Turqut Xəlilbəyli ölümündən sonra “Vətən uğrunda” medalı ilə, “Azərbaycan Bayrağı” ordeni ilə, “Füzulinin azad olunmasına görə” medalı ilə və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin. Dərin hüzün və hörmətlə anırıq.