Tibbi-Sosial Araşdırmalar Və Elmi-Tədqiqat Planlaşdırılması Şöbəsi
Elmi-Tədqiqat Pediatriya İnstitutunun təşkilati-metodik şöbəsinin tərkibində elmi bölmə 1960-cı ildən fəaliyyət göstərməyə başlamışdır. Bu dövrlərdə geniş miqyasda təşkilatı-metodik işlər aparılmışdı. İnstitutda tərkibində 3-5 nəfər elmi işçilər və klinik həkimlərdən ibarət briqadalar təşkil edilərək praktik kömək göstərmək məqsədilə respublikanın uşaq ölümü göstəricisi yüksək olan regionlarına göndərilirdi. Bu ezamiyyətlər zamanı doğum evlərində, uşaq poliklinika və xəstəxanalarında, kənd tibb məntəqələrində çoxlu miqdarda uşaqlara baxılaraq yardım göstərməklə yanaşı həkimlər üçün seminar məşğələlər aparılmış, uşaq tibb müəssisələrinin fəaliyyətinə nəzarət olunmuşdur. 1980-cı illərdə bu bölmə təşkilati-metodik şöbədən ayrılaraq tibbi-sosial tədqiqatlar və elmi-tədqiqat işlərinin planlaşdırılması elmi bölməsi kimi fəaliyyət göstərmişdir. Bölmənin elmi rəhbəri dos. V.İ. Slutski olmuşdur. Bölmənin əməkdaşları respublikanın şəhər və rayonlarında, o cümlədən çadır şəhərciklərində yaşayan qaçqın uşaqlarının sağlamlıq vəziyyəti və tibbi-sosial problemlərini, analarda hipoqalaktiyanın inkişafı səbəbləri və onun qarşısının alınması yolları, allergiyalar, müxtəlif yaş qruplarında olan uşaqların fiziki inkişaf göstəriciləri və normalogiyanın başqa problemləri ilə məşğul olmuşlar. 2010-2013- cü illər ərzində bölmədə “Azərbaycanın müxtəlif regionlarında erkən yaşlı uşaqlarda anemiyanın rastgəlmə tezliyi” mövzusunda planlı elmi-tədqiqat işi aparılmışdır. Bu zaman müxtəlif regionlarda yaşayan erkən yaşlı uşaqlarda anemiyaların müqayisəli xarakteristikası ətraflı öyrənilmiş, anemiyaların profilaktikasında müvafiq təşkilati işlər görülmüşdür.
Hal-hazırda bölmədə bölmə rəhbəri və 5 elmi işçi fəaliyyət göstərir. Son illərdə bölmədə neonatologiyanın aktual problemlərindən olan “Yenidoğulanlarda nekrotik enterokolitin erkən diaqnostikası, klinikası və müalicə prinsipləri” mövzusunda planlı elmi-tədqiqat işi yerinə yetirilir.
Bölmədə “Ağır generalizasiya olunmuş bətndaxili infeksiya ilə doğulan uşaqların erkən yaşda sağlamlığının kompleks qiymətləndirilmə sistemi və katamnezi” mövzusunda elmi iş davam etdirilir (elmi rəhbər prof. Quliyev N.C., dissertant Məmmədova A.Ə.).
Son 5 ildə bölmə əməkdaşları tərəfindən 40-a yaxın elmi iş, 2 metodik tövsiyə çap olunub. Elmi işçilər elmi-praktik konfranslarda elmi məruzələrlə çıxış edirlər. Bölmənin əməkdaşları elmi fəaliyyətlə yanaşı, yenidoğulan körpələrin müayinə və müalicəsi ilə məşğul olur, “Uşaqların icbari dispanserizasiyası haqqında Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə Respublikanın rayonlarına ezam olunurlar.