Uşaqların diş çıxarma dövründə valideynlər nəyə diqqət etməlidirlər

Dişlərin mayası  bətndaxili inkişafın 5-6-cı həftələrində qoyulmağa başlayır və bu zaman bircinsli epidermal səhfə və ya diş lövhəsi səklində olur. Hamiləliyin birinci trimestrində ananın sağlamlığı uşaqlarda dişlərin gələcək inkişafı üçün çox vacibdir. Həmin aylarda baş verən ürəkbulanma və qusma nəticəsində yaranan mineral itkisi mübadilənin pozulmasına, dölün formalaşmaqda olan dişlərində bir sıra problemlərin yaranmasına səbəb olur. Artıq bətndaxilin inkişafın səkkizinci həftəsində diş lövhəsinin yerində diş tumurcuğu əmələ gəlir. Bu, diş torbaçığı, diş məməciyi və emal ibarət olub, gələcək süd dişləridir. Formalaşma onuncu həftədə tamamlanmalıdır. Həmin dövrdə yaranan hər hansı zədələnmə gələcəkdə dişlərdə yaranan problemlərlə özünü büruzə verir.  Beşinci aydan  körpə doğulana qədər süd dişlərin minerallaşması baş verir və beş yaşında çıxan daimi dişlərin bünövrəsi qoyulur.

Uşaq yaşlarında karies yaranmasının səbəbləri arasında ananın  hamiləlik zamanı keçirdiyi aktiv karies, qeyri-düzgün qidalanma və yaxud keçirdiyi hər hansı xəstəliklər əsas yer tutur.

Körpələrdə altıncı aydan səkkizinci aya qədər dişlər çıxmağa başlayır.  Bir sıra endokrin pozulmalar zamanı dişlərin çox erkən çıxması müşahidə olunduğu halda, bəzi infeksion xəstəliklər, maddələr mübadiləsinin pozulması və raxit kimi xəstəliklərdə proses gecikir.

Dişlər çıxmamışdan bir ay əvvəl körpədə ümumi narahatlıq, damaqda qaşınma, ağız suyu ifrazının artması kimi hallar müşahidə edilir, yuxusu pozulur, iştahası zəifləyir.  Bəzi körpələrdə diş çıxartma zamanı hətta bədən hərarətinin artması, nəcisin xarakterinin dəyişməsi və sarğı nahiyəsində səpgi halları müşahidə edilir. Həmin dövrdə ana südü ilə qidalanan körpələr sakitləşmək, ağrını azaltmaq üçün tez-tez süd əmmək istəyir, əmən zamanı fasilə verir və təkrar əmirlər.

Diş çıxarkən diş ətinin yuxarı hissəsində əvvəlcə qızartı və şişkinlik müşahidə edilir, bir müddət sonra ağ nöqtə şəklində diş minası görünür. Həmin vaxt hipersalivasiya nəticəsində ağız suyunun təsiri ilə uşağın çənə və boyun nayihəsində qıcıqlanma və səpgi yaranır. Bunun qarşısını almaq üçün dodaqətrafı, çənə və boyun nahiyəsinə uşaq üçün nəzərdə tutulan krem və ya təbii yağlar çəkilməli,  sinəsinə suçəkən pambıq materialdan hazırlanmış yaxalıq asılmalıdır.

İshal və bunun nəticəsində anusun ətrafında baş verən qıcıqlanma da «diş» simptomlarından biri sayılır. Həmin vaxt nəcisin turş  xarakterli olması anus ətrafında qıcıqlanmaya səbəb olur. İshalın qarşısını almaq üçün uşağın bezi dəyişdirilərkən hər dəfə su ilə yuyulmalı, yaxşı qurulanmalı, anusun ətrafına sink tərkibli mazlar və ya çaytikanı yağı çəkilməlidir.

Dişçıxarma zamnı bəzi uşaqlarda hərarətin yüksəlməsi müşahidə olunur, hətta hərarət 380C-yə çatır. Bəzən yanaşı gedən hər hansı infeksion proses də qızdırmaya səbəb olduğuna görə bu zaman  həkim-pediatrla məsləhətləşmək  lazımdır.

Dişlər çıxan zamanı ağrı və damaqdakı qaşınmanı azaltmaq üçün uşaqlara rezin halqa və oyuncaqlar verilməlidir.  Oyuncaqların hazırlandığı materialın təhlükəsizliyinə  diqqət yetirmək lazımdır. Təhlükəsiz materialdan hazırlanmış halqa və oyuncaqları soyuducunun aşağı gözündə  2-3 saat saxlamaq lazımdır, çünki soyuq əşya damaqdakı ağrı və qaşınmanı müəyyən qədər  azaltmaq xüsusiyyətinə malikdir. Eyni məqsədlə təmiz tənzif parça, yumşaq diş fırçası, uşaqlar üçün nəzərə tutulmuş ağrıkəsici və keyləşdirici təsirə malik gellərdən də istifadə etmək olar.

Yazının müəllifi

Sevinc Nəsirova

Elmi katib, t.ü.f.d., dosent

Yenidoğulanların patologiyası şöbəsi