Uşaqlarda vitamin çatışmazlığının əlamətləri

         Vitaminlər – üzvi birləşmələr olub, canlıların qidasının zəruri hissəsidir. Son vaxtlar 50-yə qədər vitamin aşkar edilmişdir. Canlı orqanizmlər vitaminsiz yaşaya bilməzlər. Vitaminlərin əsas mənbəyi bitki mənşəli qidalardır. Qidanın tərkibində vitaminlər olmadıqda orqanizmin funksiyası pozulur və avitaminoz baş verir. Bəzi vitaminlər işığın, temperaturun və oksigenin təsirindən dağıldığından qəbul olunmuş qidada belə vitaminlər çatışmır və orqanizm vitamin çatışmazlığından əziyyət çəkir. Bu kimi problemlərə məhz yaz-yay aylarında daha çox təsadüf edilir.

Uşaqlarda rast gəlinən  yuxusuzluq, aqressiya, passivlik və halsızlıq halları vitamin çatışmazlığının əlamətləridir. Uşaqlarda vitamin çatışmazlığı əlamətləri tez-tez ağlağanlıq və qıcıqlanma ilə özünü biruzə verir. Uşaq əvvəlki kimi uzun müddət oynaya bilmir, tez yorulur. Məktəbli uşaqlarda isə fikir dağınıqlığı və xroniki yorğunluqdan dərsə davamiyyət azalır. Uşaq əvvəlkindən daha çox yatır, yuxudan çətin oyanır, gəzintiyə və dostlarla görüşə getməkdən imtina edir.

Vitamin çatışmazlığını həkimsiz aşkarlamaq olduqca çətindir, çünki vitamin çatışmazlığı uşaqlarda müxtəlif xəstəliklərə səbəb olduğu kimi, bəzi xəstəliklərin əlaməti olaraq da ortaya çıxa bilir. Müəyyən əlamətlərin əvvəlcədən təyin edilib həkim nəzarətində lazımlı tədbirlərin alınması lazımdır.

Yazının müəllifi

Sevinc Nəsirova

Elmi katib, t.ü.f.d., dosent

Yenidoğulanların patologiyası şöbəsi