Psixoloq: Əgər uşağınız hansısa əşyaya bağlanıbsa, o zaman bu məqaləni oxumaq sizə faydalı olacaq

Uşaqlar böyüdükcə onların fizioloji tələbatları ilə yanaşı beyninin inkişafını dəstəkləyən emosional tələbatlarının ödənilməsi də çox önəmlidir. Uşaqlığın ilk çağlarında onlar təhlükəsizlikdə olmağa və rutinlərə ehtiyac duyarlar. Ata-ananın uşağın üzünə baxaraq gülümsəməsi, sakit səs tonu ilə onunla danışması uşağın beynində “mən təhlükəsiz yerdəyəm”, “mən sevilirəm” düşüncələrini inkişaf etdirər. Bu davamlı bir şəkildə olarsa, uşağın valideynə güvənli bir şəkildə bağlanmasına imkan yaradar. Qısacası, uşaqlar valideynlərə bağlıdırlar və böyüdükcə ata-anadan ayrılma zamanı(məsələn: bağçaya gedərkən) bu bağlılığı başqa bir yönə istiqamətləndirmək üçün onları xatırladan bir əşyaya ehtiyac duyarlar. Çünki, ata-ana ilə uşaqlıq dövründə olan əlaqələrini, böyüyərkən xarici dünyada da davam etdirməyə ehtiyacları vardır. Bu səbəblə valideynlərinin olduğu və ya olmadığı hər bir mühitdə “kiçik ədyal”, “yastıq” və ya “yumşaq oyuncaq” kimi əşyalardan asılılıq yaranar və onları özləri ilə gəzdirərlər. Psixologiyada bu əşyalara “keçid əşyası” adı verilmişdir. Uşaqların 5 yaşa qədər bu “keçid əşya”larından istifadə etməsi normal sayılır. Hətta bəzən ilk dəfə dərsə başladığı zamanlarda bu əşyanı da özü ilə daşıması normal sayılır və onun yeni mühitə uyğunlaşmasına kömək edə bilər. Amma artıq övladınız 8-9  yaşına çatmışdırsa  və hələ də keçid əşyası olmadan rahatlaşa, sakitləşə bilmirsə mütləq psixoloqa müraciət edilməlidir.

Yazının müəllifi

Kazımlı Minayə Tofik qızı

Klinik psixoloq

Konsultativ-poliklinika şöbəsi