Probiyotiklər nədir?

Probiyotiklər- sağlamlıq üçün faydalı olan “dost bakteriyalar” olub, mədə- bağırsaq florasının təbii balansının qorunmasında  rol oynayır. Həzm və immun sisteminə faydalı olan, bağırsaq sağlamlığını qoruyan canlı bakteriyalar və mayalardır.

Bağırsaqda yaşayan mikroorqanizmlər “ bağırsaq florasını” formalaşdırır. Hər sağlam uşağın bağırsağında 500 dən çox növ olan 100 trilyon miqdarında mikroorqanizm olur.

Bağırsaq florasına nələr zərər verir?

  • Keysəriyyə ilə uşağın doğulması. Normal doğuş və ana südü ilə qidalanma mədə – bağırsaq florasını tez formalaşdırır. Keysəriyyə ilə doğuşda bağırsaq florası gec formalaşdığından bu cür doğulan körpələr də mədə- bağırsaq problemi daha çox müşahidə edilir.
  • Kimyəvi maddələr: yeməklərlə, içkilərlə qəbul edilən maddələr
  • Yaş artdıqca bağırsaq florası pozulmağa meyilli olur
  • Stress
  • Antibiotik istifadəsi
  • Bitki mənşəli qidalarla az zəngin qidalar yemək
  • Gigiyenik qaydalara riayət etməmək

Mədə- bağırsaq florası pozulduqda iltihabi bağırsaq xəstəlikləri, autoimmun xəstəliklər, bağırsaq xərçəngi, diabet, allergiyalar və piylənmə kimi xəstəliklər inkişaf edə bilər. Probiotik dərmanların tərkibində olan mikroorqanizmlərin çoxu bağırsaqlarımızda təbii olaraq yaşayan bakteriyalarla eyni və ya oxşardır. Probiyotiklər, bağırsaqdakı yaxşı bakteriyaların sayını artıraraq immun sistemi dəstəkləyir və sağlamlığımızı qoruyur.

Son dövrlər qida sənayesinin inkişafının nəticəsində içkilərə ( spirtsiz), bəzi qidalara və körpələr üçün olan süni qidalara probiyotiklər əlavə edilərək qidalar zənginləşdirilir. Ancaq bu qidalarda nə qədər   və hansı növ probiyotik bakteriyalar tapıldığını və bu bakteriyaların konsentrasiyasının nə qədər müddətdən sonra azaldığını bilmədiyimizdən kəskin xəstəlilərdə istifadə etmirik.

Lactobacillus növləri, Bifidobakteria, göbələklər, Saccharomyces boulardii, Bacillus coagulans, Gram pozitiv koklar probiyotik qidaların tərkibində geniş istifadə olunurlar. Amma hər birinin orqanizmdə fərqli cür təsir edir və eyni effektə malik deyildir. Məsələn: probiyotiklərin bəzi növləri ishalda istifadə edilir.  Probiyotiklər kapsul, tablet, toz və maye ektraktı formasında spesifik probiyotik növlər daxildir. Ona görə də sizə təsirli və düz olacaq probiyotik içmək üçün həkiminizlə məsləhətləşməlisiniz.

Qruplardan aslı olmayaraq hər birinin müxtəlif ştammları vardır.

Probiyotiklərin sağlamlığa faydaları:

  • Həzm prosesini yaxşılaşdırır, bağırsaqları qoruyur: qıcıqlanmış bağırsaq sindromu, iltihabi bağırsaq xəstəliyi, xoralı kolit, Crohn xəstəliyi, kolon xərçəngi müalicəsi və profilaktikasına kömək edir.
  • İnfeksiya, qida zəhərlənməsi və ya antibiotik istifadəsi nəticəsində yaranan ishalların müalicəsində
  • Qidalarla qəbul edilən toksinlərin bədəndən atılmasına kömək edir
  • Antibiotik qəbulundan pozulmuş bağırsaq florasının bərpasında istifadə edilir. Lakin diqqətli olunmalıdır ki, istifadə edilən probiyotik antibakterial müqavimətə malik olub – olmadığı bilinməlidir. Probiyotikin antibiotik müalicəsi dövründə istifadə edib etməməyi və belə bir dövrdə pozitiv xüsusiyyətlərini saxlayıb- saxlanmağı bilinməlidir.
  • Qəbizlik probleminin və ağız qoxusu probleminin aradan qaldırılmasına imkan verir.
  • İnfeksiyaların inkişafının qarşısını alır: sidik yolu infeksiyalarının və vaginal göbələk kimi problemlərin inkişafının qarşısını alır.
  • B qrupu və K vitaminin sintezi və sorulmasında
  • Kalsiumun bağırsaqdan sorulmasını artırır, sümük əriməsin (osteoporozun) qarşısını almaqda rol oynayır.
  • İmmun sistemini gücləndirir. Bağırsaqlarımız ilə immun sistemimiz arasında güclü əlaqə vardır. Probiyotiklər bağırsaqlarda olan zərərli bakteriyaların miqdarını azaldır, immun sistemini gücləndirməyə və xəstəliklərdən qorunmaya imkan verir.
  • Allergik xəstəliklərdən (Bifidobacterium ve laktobasil) qoruyur. Vaxtından qabaq doğulma, keysəriyyə doğuş və kəskin gigiyenik qaydalar bağırsaq florasının balansını pozur. İmmun sistemin formalaşmasını gecikdirir. Probiyotiklər bağırsaqlardakı qoruyucu selikli qişa baryerini gücləndirərək allergik maddələrin sorulmasını azaldır və qana keçməsinin qarşısını alır.
  • Egzema kimi bəzi dəri xəstəliklərin müalicəsində istifadə edilir.

Əlavə olaraq probiyotiklərin aşağıdakı təsirləri də vardır:

  • Xərçəng yaranma riskini azaldır. Tədqiqatlara əsasən probiyotik istifadəsi xərçəng riskini azaltdığını göstərir.
  • Ürəyi qoruyur. Təqdiqatlara görə bəzi probiyotik bakteriyaların xolesterini orqanizmdə tarazlayaraq ürəyi qorumağa imkan verir.
  • Çəki verməyə kömək edir
  • Diş çürüklərinin yaranmasının qarşısını alar
  • Körpələrdə qaz sancısı əlamətlərini azaldır
  • Yuxu keyfiyyətini yaxşılaşdırır
  • Depresiya hallarını azaldır

Probiyotiklər hansı qidalarda olur?

Bağırsaq florasını qoruyan probiyotik daxil olan qidalar aşağıdakılardır: qatıq, kefir, ayran, pendir, fermentə süd, keçi südü, kərə yağı, şərab, şalğam, soya məhsulları, kələm turşusu, körpə qidaları, bəzi meyvə suları.

  • İlk probiyotik qida ana südüdür.Ana südü körpənin ilk tanıdığı ən təbii və güclü probiyotik qidadır. Karbohidrat tərkibi körpənin bağırsağında dost bakteriyaların artşına səbəb olur.
  • Probiyotik qatıq (əsasən Lactobacillus acidophilus və Bifidobakteriyalar): B12, kalsium, fosfor kimi vitamin və minerallar daxildir. Sümükləri gücləndirir, qan təzyiqini düşürür, Qıcıqlanmış bağırsaq sindromu əlamətlərini yüngüləşdirir. Laktoz intoleransı olan uşaqlarda Südün tərkibində olan laktoz adlandırılan şəkərin həzm edilə bilmədikdə köp, şişkinlik, ishal kimi hallarda qatıq ən yaxşı qida vasitəsidir. Çalışın hər gün uşağınızın qidasında qatıq olsun.
  • Kefir: sümükləri gücləndirir, həzmə kömək edir, infeksiyalara qarşı qoruyur, laktoz intoleransında həzmə kömək edir. İçinə darçın, banan, keçi boynuzu və s. qataraq dadlandırıla bilinər.
  • Boza- yabancı maddələrindən təmizlənmiş darı, düyü, buğda, qarğıdalı və başqa dənli bitkilərin qırma və ya unlarından biri və ya bir neçəsi içmə suyuna daxil edilərək bişirilir və şəkər qatılaraq hazırlanır. Boza protein və karbohidratla zəngin olub qidalanmada rolu vardır. B qrup vitaminləri ilə zəngin olub, zehin açıcı və sinirləri sakitləşdirici təsiri vardır.

Bəs probiyotik və prebiyotik arasındakı fərqlər nədir?

Bağırsaqlarımızda mikroskopik canlılar vardır. Bağırsaq florasında bu canlılar çox mühüm rol oynayır. Bu tarazlıq iki yolla qorunur: canlı bakteriyalar birbaşa bağırsağa yeritməklə (probiyotik) və ya bağırsaqda yaşayan canlılara sevdikləri qidaları verməklə (prebiyotik)

Probiyotiklər – spesifik bakteriyalar tərkibində vardır.

Prebiyotiklər – xüsusi bitki lifləridir; bağırsaq florası üçün lazım olan bakteriyaların inkişafını tənzimləyən gübrə kimi düşünə bilərsiniz.  Bunlara misal olaraq banan, soğan, ənginar, pırasa, kərəviz, sarımsaq zəngin prebiyotik mənbələridir.

Prebiyotiklərin sağlamlıq üzərində təsiri:

  • Mikrofloraya mübət təsir göstərir
  • Bağırsaq hərəkətlərini nizamlayır
  • Kalsium, magnesium kimi mineralların sorulmasını tənzimləyir
  • Qanda xolesterol və trigliserid səviyyəsini balanslaşdırır
  • Xəstəlik yaradan bakteriyaların çoxalmasının qarşısını alaraq yoluxucu xəstəliklərin inkişafının qarşısını alırlar
  • Immun sistemi gücləndirir

Probiyotiklərin yan təsirləri və zərərləri

  • Həzm problemlərinə səbəb ola bilər. Bəzi probiyotik məhsullar qarında köp, şişkinlik verə bilər. Göbələk mənşəli probiyotiklərin qəbulundan sonra qəbizlik və su itkisi kimi əlamətlər müşahidə edilə bilinər. Yan təsirlərin qarşısını almaq üçün həkiminizlə məsləhətləşməmiş probiyotik qəbul etməyin. Düşük dozla başlanıb və yavaş-yavaş artırılmalıdır. Əgər qarında köp, şişkinlik və başqa yan təsirlər olarsa həkiminizlə mütləq məsləhətləşin və ehtiyac varsa probiyotik qəbulu dayandırılmalıdır.
  • Baş ağrısı
  • Probiyotiklər allergik vəziyyəti qıcıqlandırıb artıra bilər
  • Çox nadir hallarda infeksiyon prosesə səbəb ola bilər. Xüsusən immun çatışmazlıq sindromu, əməliyyat keçirmiş, uzun müddət xəstəxanada yatan adamlarda probiyotik qəbulundan sonra ağırlaşmalar törədə bilir.

Probiyotiklər necə istifadə edilməlidir?

  • Hamiləlikdə və ya əmizdirmə dövründə probiyotik istifadə etməmişdən əvvəl mütləq həkiminizlə məsləhətləşin.
  • Probiyotik məhsulun etiket kağızını diqqətli oxumalı və kifayət qədər bakteriyaların tərkibində olub- olmadığını yoxlamağınız məsləhət görülür.
  • Probiyotiklər canlı orqanizmlər olduğundan son istifadə müddətindən əvvəl işlədin və saxlanma təlimatlarının hamısına riayət edin.
  • Toz şəklində olan məhsullar soyuq suya və ya karbonatlı ( sodalı) olmayan qidalara əlavə edilməlidir; hətta qatığa və ya kefirə qarışdırılıb qəbul edilə bilinər. Bakteriyaları təsirsiz edə biləcəyindən isti yeməklərə və sulara qatılmamalıdır.
  • Probiyotiklər müntəzəm şəkildə qəbul edilməlidir.
  • Tez – tez infeksiyon xəstəliklər keçirirsinizsə, immun sisteminiz zəifdirsə və ya süd məhsullarına qarşı həssassanız probiyotik istifadəsi etibarlı olmaya bilər.
  • Laktoz intoleransı, mədə problemi olanlar süd tərkibində olmayan probiyotik məhsul istifadə edə bilərlər.
Yazının müəllifi

Əzizova Nərmin Akif qızı

Pediatr

Anesteziologiya Reanimasiya və İntensiv terapiya şöbəsi