Peyvəndlər haqqında maraqlı suallara cavab

Bu məqaləmizdə peyvəndlər barədə olan bir çox suallara cavab tapacağınıza ümid edirik.

  1. Peyvəndlər nə üçün lazımdır?

Peyvəndlər immun sistemimizi qıcıqlandırararaq yoluxucu xəstəliklərə qarşı qorunma rolunu oynayan biolojik məhsullardır. Peyvəndlərin təsiri, ölü, zəiflədilmiş mikroblara və ya onun bəzi hissələrinə qarşı orqanizmdə immun qoruyuculuq yaratmaqla ortaya çıxır. Orqanizmdə peyvəndlərin antigeninə uyğun antitellər hazırlanır  və  immunitet yaranır. Beləliklə, orqanizm xəstəliklə mübarizə aparararaq nəticədə qalıcı və ya uzun müddətli immun cavab formalaşmış olur.  Əgər şəxs doğurdanda peyvənd olunduğu yoluxucu xəstəliklərlə qarşılaşırsa artıq onun orqanizmində antitellər mövcuddur və orqanizm bu yoluxucu xəstəliyə qarşı mübarizə aparmaq qabiliyyətinə malikdir.

  1. Uşağıma niyə peyvənd etdirməliyəm?

Hazırda peyvəndlər yoluxucu xəstəlilərə qarşı qorunmaq üçün ən böyük silahımızdır. Beləliklə,uşağınız peyvəndlənərək ağır yoluxucu xəstəlilərə qarşı yoluxma riski aşağı düşür. Əhalinin çox hissəsi peyvəndləndikdə həm yoluxmalar  həm də ağırlaşmalar   daha az müşahidə edilir. Uşağınız peyvəndlənmədən sonra qısa müddətli peyvənd yerində ağrı və ya subfebril qızdırma (37.5-38 C ) kimi əlamətlərin olması belə ölümcül xəstəlik olan difteriya, göy öskürək və qızılcaya yoluxmasından qat qat yaxşıdır.

  1. Ana südü mənim körpəmi yoluxucu xəstəlikdən qoruyursa niyə belə erkən dövrdə artıq uşağıma peyvənd olunur?

Körpə artıq doğulduqda bir neçə yoluxucu xəstəliklərə qarşı qoruyuculuğu vardır, çünki doğuşdan əvvəl plasenta vasitəsi ilə anadan körpəyə qoruyucu maddələr (antitellər) keçir. Ana südü ilə qidalanan körpələr həmçinin ana südü ilə də antitellər alır. Ana südü körpənin immun sistemi formalaşana kimi bəzi xəstəliklərə qarşı (məsələn tənəffüs yolu infeksiyaları, ishal) kimi qoruya bilir. Buna baxmayaraq bu qoruyucu maddələr yəni antitellər orqanizmdə uzun müddət qalıcı deyildir və bütün xəstəliklərə qarşı qorumur. Ona görə də körpə və uşaqların həyat üçün təhlükəli olan bir çox infeksion xəstəlikdən qorunması üçün peyvəndlənməsi vacibdir. Yenidoğulan  dövründə peyvəndlənməyə başlamaqda  məqsəd həyat üçün təhlükəli olan yoluxucu xəstəliklərdən təmasdan əvvəl, yəni həyatın erkən dövründən etibarən körpələrin və uşaqların qorunmasını aparmaqdır.

  1. Uşaqlara bir dəfəyə bir neçə yoluxucu xəstəliyə qarşı peyvəndlənməni apararaq immun sistemini çox yükləyirik belə axı zərərli ola bilər?

Elmi məqalələr də eyni anda uşağa bir neçə peyvəndin edilməsinin mənfi və yan təsirinin müşahidə edilmədiyi göstərilir. Əslində isə uşaqlarımız sizin üçün çox adi hal sayılan soyuqdəymədə və ya boğaz ağrısında peyvəndlənmədən daha çox antigenə (mikroba) məruz qalırlar. Nəzərə almaq lazımdır ki, uşağımıza kombinə peyvəndlər etməklə (qızılca- məxmərək- qulaqdibi, difteriya- tetanus- göyöskürək və s.) onu həm bir preparatın içində bir neçə xəstəlikdən qorumuş oluruq, həm də uşağın tez tez xəstəxanaya müraciətini azaldırıq və uşağa çoxlu sayda  inyeksiya edilməsini ( yəni iynə vurulmasını) azaltmış oluruq. Peyvəndlə yoluxmanın və yayılmanın qarşısını aldığımız xəstəlilər ciddi ağır xəstəliklərdir. Bu yoluxucu xəstəliklər həm uşaqlarda həm də böyüklərdə pnevmoniya, beyin iltihabı, korluq, qan iltihabı, qulaq infeksiyaları, ağırlaşmalara və ölümə səbəb ola bilər. Bu xəstəliklərə qarşı peyvənd olunmadıqda  uşağın mənasız yerə müdafiəsiz qalmasına və sağlamlığın riskə atılmasına səbəb olur. Ağır ciddi xəstəliklərdən qorunmaq üçün peyvəndləməni aparılması ən təsirli və ucuz yoldur.

  1. Peyvəndlər etibarlıdır?

Peyvəndlər çox etibarlı olan biolojik preparatlardır.Onlar istehsalat və xəstəxanalara paylanılma dövründə çox ciddi yoxlanılır.

  1. Peyvəndlər faydalıdır?

Dünyada hər il 1 milyondan çox insan peyvəndlə qarşısı alınması mümkün olan xəstəliklərə yoluxaraq ölür. Uşaqlar və böyüklər peyvəndlər hesabına öldürə və ya zərər verə bilən yoluxucu xəstəliklərdən qorunur . Dünyada peyvəndlənmənin kütləvi aparılması hesabına çiçək xəstəliyi  yox edilmiş və uşaq polimielitinin isə görülmə tezliyi çox azalmışdır.

  1. Peyvənd və ya peyvəndin tərkibində olan tiomersal maddəsi autizmə səbəb ola bilər?

Xeyr, peyvənd və ya peyvəndin tərkibində olan tiomersal maddə ilə autizm arasında əlaqənin olmadığı çoxlu tədqiqatlarla sübut olunmuşdur.  1998 ci ildə Lanset jurnalında nəşr olunmuş  Qızılca –məxmərək-qulaqdibi peyvəndi ilə autizm arasında əlaqənin olduğunu göstərən məqalədə çox ciddi səhvlər tapılmış və məqalənin yazarları ciddi cəzalandırılmışdır. 2004 ci ilin İOM sübutuna görə tiomersal ilə autizm arasında heç bir əlaqə olmadığı sübut olunmuşdur.  Yenə də uşaqlıq dövründə ağır metallara məruz qalmanı azaltmaq üçün tiomersal uşaq peyvənlərindən 1999 ci ildən etibarən çıxarılmağa başlanıldı. Dünya səhiyyə təşkilatının 2002 ci ildə nəşr etdiyi protokola görə etil civənin yarılanma dövrü 1 həftədən az olub, ortalama 4-9 gündə həzm sistemi ilə orqanizmdən atıldığı nəticədə civənin orqanizmdə toplanması və xronik xəstəliklərə səbəb olması barədə olan bütün fikirlərin səhv olduğunu göstərir. Son illərdə aparılan tədqiqatlara görə isə peyvəndin tərkibində tiomersal maddə almış olan uşaqlarda fiziki və psixi yaşıdlarından geri qaldığını göstərən heç bir əlamət yoxdur. Autizmli xəstələrin artmasına səbəb isə artıq tibbin autizm xəstəliyi daha yaxşı tanımasıdır.  Bir çox tədqiqatlara görə isə autizm əlamətləri əslində körpəlik dövründən özünü büruzə verir, lakin valideynlər bunu daha gec dövürdə başa düşürlər.

  1. Peyvəndlənən uşaqlar edilməyənlərə nisbətən daha allergik, tənəffüs və autoimmun xəstəliklərə səbəb olduğu doğrudur?

Peyvəndlər immun sistemimizi bir çox mikroba (antigenə) cavab reaksiyası yaratmağı öyrədir.Amma immun sistemimizin işləmə mexanizmini pozmurlar. Peyvəndlərlə allergik, tənəffüs və autoimmun xəstəliklər arasında əlaqə olduğunu sübut edən məlumat yoxdur.

  1. Peyvəndlər zərərlidir?

Peyvəndlər etibarlı biolojik məhsullar olmaqla yanaşı bəzi yan təsirləri də vardır.  Yan təsirlərə yüngül qızdırma, peyvənd olunan bölgədə qızarıqlıq, şişlik, ağrı və s. kimi əlamətlər daxildir. Bu yan təsirlər bir neçə gün olur və müalicə edilərək keçir. Ciddi yan təsirlər isə nadir müşahidə edilir. Unutmaq olmaz ki, uşaqda peyvəndin yan təsirlərin görülmə ehtimalı və bu səbəblərdən ölmə ehtimalı onun yoluxucu xəstəliklərdən qoruna bilmək ehtimalından qat qat çoxdur.

  1. Qızılca peyvəndi subakut sklerozan panensefalit kimi ağırlaşmalara səbəb ola bilər mi?

Qızılca xəstəliyini keçirən xəstələrdə gec ağırlaşma kimi pansefalit müşahidə edilə bilinər. Bu panensefalitlər qızılca peyvəndi olunmamış, yarımçıq edilmiş (nəticədə immun sistemində cavab yaranmamış) və ya peyvəndlənmədən əvvəl qızılca keçirmiş xəstələrdə olur. Amma qızılca peyvəndini tam etdirmiş xəstələr də subakut sklerozlaşan panensfefalit  müşahidə edilmir.

  1. Ölkəmizdə peyvəndlənmə ilə qarşısını alınacaq bütün xəstəlilər artıq az rast gəlinir ona görə etdirməsəm olar?

Ölkəmizdə peyvəndlənmə aparılaraq ( difteriya, göyöskürək, tetanus, vərəm, polimielit, hepatit B, qızılca, qulaqdibi, məxmərək, pnevmokokklara bağlı ) yoluxucu xəstəliklərdən qorunmaq olar. Amma əhali arasında aparılan peyvəndlənmə statistikası çox yüksək olmadığına görə bu xəstəliklər hələ də müşahidə edilir. Ona görə də peyvəndlənən insanlar daha da azalarsa bu yoluxucu xəstəliklər sürətlə artar yüzlərlə insanı yoluxdura və öldürə bilər. Cəmiyyət arasında peyvəndlənməmiş insanların olması peyvənd edənləri də bu xəstəliklər baxımından risk altına qoyur. Məsələn 2008 ci ilində qızılcaya qarşı peyvənd almamış ailə qızılca xəstəliyinə yoluxmuş uşaqlarla birgə Avropa tətilindən Amerikaya qayıdaraq ABŞ da San Diego və Kaliforniya da qızılca xəstəliyini  yaymış və çox insanı yoluxdurmuşlar. 2011 ci ildə peyvəndlənmə səviyyəsi aşağı olan Kaliforniyada 50 il içində olan böyük göy öskürək epdemiyası müşahidə edilmişdir. Nəticədə 9000 dən çox insan yoluxmuş və 10 uşaq ölmüşdür. Çiçək xəstəliyində olduğu kimi əgər bir xəstəlik dünyada əhali arasında müşahidə edilməzsə onda peyvəndlənmə aparılmaz.

  1. Məktəbdəki digər bütün uşaqlar peyvəndlənərsə bəs mənim uşağım niyə peyvəndlənməyə ehtiyac vardır?

Ətrafdakı hər kəs peyvəndləndikdə tək bir uşağın bu yoluxucu xəstəliklərdən youxma ehtimalı doğurdanda aşağıdır. Amma uşağınız məktəbdəki uşaqlardan kənardada başqa insanlarlada əlaqədə olur. Peyvəndlənməmiş hər bir uşaq bu yoluxucu xəstəliklərin yayılmasında rol oynayır.  Uşağınızın ətrafındakı hər bir uşağın peyvənd edilmiş olmasına nəzarət etməyiniz mümkün deyildir. Ona görə də öz uşağınızı qorumağın ən yaxşı yolu peyvəndlərinin tam edilməsidir.

  1. Peyvəndlərin yan təsirləri nələrdir?

Peyvəndlərdən sonra ən çox rast gəlinən yan təsirlər aşağıdakılardır:

  • Iynənin edildiyi inyeksiya yerində qızarıqlıq və şişkinlik, ağrı
  • Yüngül qızdırma, baş ağrısı, əzələ ağrısı və iştahsızlıq.
  • Qızılca məxmərək qulaqdibi peyvəndindən sonra təqribən 7-10 günlərdə başlayan və 2 gün olan səpgilərin olması

Nadir vəziyyətlərdə ciddi yan təsirlərə uzun müddətli dayanmadan ağlama, qızdırmalı qıcolma, ətrafa reaksiyanın olmaması, əzələlərdə tonusun aşağı düşməsi kimi əlamətlər ola bilər. Uşağınızın qida və ya dərmanlara qarşı allergiyası varsa və ya daha əvvəl peyvəndlənmədə problem yaşanırsa onda peyvəndlənmədən əvvəl həkiminizlə məsləhətləşin.

  1. Bir peyvənd edildikdən sonra immun yaddaş nə qədər müddət qalır?

Bir neçə peyvənd qızılca və ya hepatit B kimi peyvəndlər bütün həyatınız boyu sizdə immun cavab yaradır. Tetanus isə uzun illər qoruyuculuq saxlamaqdadır. Peyvəndin edilməsindən etibarən 13- 14 il müddətində 96% qoruyur və yenidən edilməsə belə 25 il müddətində 72% qoruyuculuğu vardır.  Hemaphilus influenza tip B peyvəndinin isə qoruyuculuq müddəti 9 ildən çoxdur.

  1. Uşağımıza harda peyvənd etdirə bilərəm?

Uşağınıza dövlət və özəl xəstəxanalar, poliklinikalarda peyvənd etdirə bilərsiniz. Hər zaman səhiyyə ocağında etdirməyə diqqət edin. Çünki burada ciddi nəzarət altında xüsusi soyuducularda soyuq zəncir qorunaraq peyvəndlər saxlanılır. Çalışın hər il uşağınız qrip peyvəndi olunsun. Qrip peyvəndi hər il virusun suşlarının ən yeni formasına uyğun olaraq hazırlanır. Qrip peyvəndi ortalama şəxsin qripə yoluxma riskini 80% qədər azaldır. Ona görə də peyvən olunmuşlar o demək deyil ki qrip mövsümündə yoluxmayacaqlar. Amma qrip keçirsələrdə əlamətlər daha az və ya daha yüngüldür.

Sonda qeyd etmək istərdim ki, peyvənd cədvəli ailələr tərəfindən saxlanmalıdı və hər peyvənd edildikdə həkimə verilməli və edilən peyvəndlər qeyd olunmalıdır. Beləliklə, uşağınıza vurulan heç bir peyvənd unutmazsınız.

Yazının müəllifi

Əzizova Nərmin Akif qızı

Pediatr

Anesteziologiya Reanimasiya və İntensiv terapiya şöbəsi