Körpə ağlayarsa

 

Körpələr müxtəlif səbəblərdən ağlaya bilərlər. Onları sakitləşdirmək üçün ilk növbədə bunun nədən irəli gəldiyini bilmək lazımdır.

Əvvəllər belə hesab olunurdu ki, uzunmüddətli ağlama uşağın səhhəti üçün ziyanlı deyil. Müasir pediatriyada bu fikir doğru hesab edilmir. Uzunmüddətli ağlama uşağın sinir sisteminə mənfi təsir edir, onun normal inkişafına mane olur, hətta gələcəkdə xasiyyətin formalaşmasına təsir göstərir. Tədqiqatçılar hesab edirlər ki, əgər körpənin ağlamağına daimi olaraq reaksiya verilmirsə, daha sonra belə körpələrdən laqeyd, digər insanların hisslərinə əhəmiyyət verməyən, həyata və insanlara çətinliklə uyğunlaşan insanlar formalaşır.

Körpənin uzunmüddətli ağlamağı onun tək sinir sisteminə deyil, tənəffüs sisteminə də mənfi təsir edir. Uzunmüddətli ağlama zamanı ağciyərlərin ventilyasiya prosesi (oksigenlə təchiz olunması) pozulur.

Sağlam körpə səbəbsiz ağlamır. Ağlamağın səbəbi aşağıdakılar ola bilər: körpə acdır; körpəni köpü narahat edir; körpənin bezi nəm və çirklidir; körpənin dərisində problemlər var və bu ona diskomfort verir; körpəyə soyuqdur və ya istidir; körpə yorulub, lakin yuxuya gedə bilmir. Bundan əlavə ananın pis əhval-ruhiyyəsi, gərgin və əsəbi olması və s. uşağa mənfi təsir edir və uşaq daha narahat, ağlağan olur.

Südəmər uşağa kömək etmək üçün onun niyə ağladığını bilmək, həmçinin belə halda ananın nə etməli olduğunu başa salmaq lazımdır. Körpə ağladıqda ana buna dərhal reaksiya verməli, uşağı qucağına almalıdır, bezini dəyişməli, dərinin vəziyyətinə fikir verməlidir (bişməcələrin olması). Uşağı köp narahat edirsə, onu masaj etmək, körpəni qarnı üzərinə qoymaq lazımdır. Əmizdirmə uşağı sakitləşmək və yuxuya vermək üçün ən yaxşı vasitədir (ağlamağın səbəbindən asılı olmayaraq). Bir çox uşaqları çimmə çox yaxşı sakitləşdirir. Əgər bütün cəhdlərinizə baxmayaraq, körpə ağlamağa davam edirsə, pediatrla məsləhətləşmək lazımdır.

Uşağın nədən ağlamasını və ona necə yardım etmək lazım gəldiyini bilmədən ana tez onu qucağına götürür və yırğalayır. Uşaq anasının qucağında sakitləşir, lakin onun ağlamasına səbəb aradan qaldırılmadığı üçün çarpayısına qoyan kimi təzədən ağlamağa başlayır. Anasının onu daim qucaqda yırğalaması uşağın xoşuna gəlir. Lakin anası onu qucağa az götürdükdə və bezini dəyişib təzədən yerinə qoyduqda da özünü yaxşı hiss edir, burada o gününü yaxşı keçirir. Bundan başqa uşaq üçün çarpayı daha rahatdır, çünki o burada sərbəst surətdə əl-qolunu oynada bilir. Aydındır ki, uşaq öz çarpayısında olanda ana üçün də rahatdır. Uşaq ağlayanda çox hirslənibsə, əvvəlcə ağlamağın səbəbini aradan qaldırmaq, onu mehriban səslə sakitləşdirmək yaxud qucağa götürmək, sakitləşdikdə isə təzədən yerinə qoymaq lazımdır. Birinci gündən uşaqla bu cür rəftar edilsə, sonralar o özünü sakit aparacaqdır.