İnək südü allergiyası

İnək südü allergiyası – süd və ya süddən hazırlanmış qidaların qəbulu zamanı yarana biləcək allergik vəziyyətdir.

Normal halda insanın immun sistemi bu qidalara qarşı reaksiya vermədiyi halda, bir çox hallarda uşaqlara inək südü allergiyası müşahidə edilə bilər. İnək südünə allergiya yaranan uşaqlar bir qayda olaraq digər heyvan südlərinə (qoyun və keçi südləri) də əsasən allergikdir. Belə ki, tədqiqatlar göstərmişdir ki, inək südü allergiyası olan uşaqların 80%-də keçi südünə qarşı da allergiyası da vardır. Əgər inək südünə allergiya diaqnozu qoyulmuş uşağa keçi südü verilə bilinirsə  və hər hansı problem yaşanmırsa onda inək südünə allergiya diaqnozu uşaqda bir daha dəqiq yoxlanılmalıdır. Həqiqi inək südü allergiyasında əsla keçi südünə üstünlük verilməz. Əslində pediatrlar keçi südünü – qida dəyəri aşağı olduğu üçün məsləhət görmürlər.

İnək südünə allergiya xüsusilə südəmər dövrdə (28 gün- 1 yaş) və həyatın ilk 3 yaşında daha çox müşahidə olunur. Uşaqlar böyüdükcə, inək südünə qarşı orqanizmdə dözümlülük yarana bilər, beləliklə allergiya da tədricən aradan qalxa bilər. Ona görə də valideynlər övladlarının 3 yaşına çatmasına qədər buna diqqətlə yanaşmalıdırlar.

İnək südü allergiyası əsasən süddə olan zülallara qarşı immunoloji mexanizmlərlə yaranır. İnək südünün tərkibində insanlarda antitel yarada biləcək ən azı 20 dən çox zülal vardır. Əsas orqanizm tərəfindən yad cisim kimi qəbul edilib antitel hazırlayacaq iki zülal: zərdab (whey) və kazein zülallarıdır. İndiki dövrdə bu zülallar təkcə süd və süd məhsullarında deyil, həmçinin bəzi xəmir və işlənmiş qidalarda da vardır.

İnək südünün allergiya yaratmasının səbəbləri nədir?

Əsas səbəb genetikdir. Xüsusən ana, ata, bacı-qardaş və ya yaxın qohumlarında allergiyaya rast gəlindikdə bu hal özünü uşaqda da büruzə verir. Ailədə (ana, ata və bacı-qardaş) ekzema (dərini  qurudan, qaşıntı və qabarcıqların yarnmasına səbəb olan dəri xəstəliyi),  astma və ya başqa allergik xəstəliklər varsa uşağınızın inək südü allergiyası olma riski yüksəkdir. Təbii ki genetik mənşənin yanında bir çox risk faktoru da qida allergiyasının inkişafına səbəb ola bilər.

İnək südü allergiyasında klinik əlamətlər hansılardır?

İnək südü allergiyası, tərkibində inək südü olan bütün qidalara qarşı ola bilər. Klinik əlamətlər bir neçə dəqiqəyə ortaya çıxa bildiyi kimi (İgE əlaqəli), 48 saatdan -1 həftə ərzində də özünü büruzə verə bilər.

Belə ki, əsasən klinik əlamət olaraq ilk öncə dəridə olan dəyişiklər ortaya çıxır.

İnək südü qəbul etmiş uşaqda aşağıdakı əlamətlər müşahidə edilə bilər:

  • Dəridə səpkilər
  • Dəridə qaşıntı, qızarıqlıq, urtika (dəridə qaşınma ilə yaranan qabarcıqlar), ekzema
  • Ağızda, boğazda və ya dildə qızarıqlıq, şişkinlik
  • qusma
  • ishal, sulu nəcis
  • selikli və ya qanlı nəcis
  • qaz sancısı
  • qəbzlik
  • öskürək
  • burun axıntısı
  • xırlıtılı tənəffüs, tənəffüs darlığı
  • Ağır hallarda: allergik şok (anafilaktik şok)

Övladınızda inək südü tərkibli qidalar verdikdən sonra aşağıdakı əlamətlər müşahidə olunduqda mütləq uşaq allerqoloquna müraciət etməyiniz məsləhət görülür:

  • Ekzema əlamətləri: (dəridə qızarıqlıq, quruluq, qaşıntıya və qabarcıqlara səbəb olan dəri xəstəliyidir)
  • Qidalanmadan sonra 1-2 saat ərzində dodaq ətrafında qızarıqlıq, dildə və ya dodaqda şişmə
  • Nəcisdə qan və ya selik
  • Təkrarlanan və ya səbəbi bilinməyən qusmalar
  • Müalicəyə cavab verməyən refluks (mədə möhtəviyyatının, qidanın mədədən qida borusuna və ya ağıza qədər yer dəyişməsidir.)
  • Səbəbi müəyyən edilməyən qəbzlik
  • Şiddətli qaz sancıları (3həftədən çox davam edən və 3 saatdan çox narahatçılıq verən)
  • Təkrarlanan ağciyər xışıltısı, tənəffüs darlığı, burun tutulması və ya axıntısı
  • İnək südü qəbulundan sonra kəskin meydana gələn bədən də yayılmış qaşıntılı qızarıqlıq, tənəffüs darlığı və ya ürək döyünmə hissi (allergik şok)

Yuxarıda sadalanan əlamətlərdən biri və ya bir neçəsi varsa onda inək südü allergiyası baxımından ciddi araşdırılmalıdır.

Düzgün diaqnoz qoyulması vacibdir:

İnək südü allergiyası olmadan xüsusi dietaya başlamaq lazımsız inək südünə qarşı dieta ola bilər ki, bu da sonrakı dövrdə müxtəlif problemlərə səbəb ola bilər. Ehtiyac olmadan dietanın edilməsi nəticəsində uşağın böyüməsi və inkişafının ləngiməsinə səbəb ola bilər.  Həmçinin əksinə inək südünə allergiya olan birinə vaxtında dietanın başlanmaması sonrakı dövrdə müxtəlif ağırlaşmalara səbəb ola bilər.

Uşaq böyüdükcə inək südünə allergiya tədricən keçir?

Xəstələrin 50%-də 1 yaşında, 75%-də 3 yaşında, 90%-də isə 6 yaşında tolerantlıq (dözümlülük) yaranır. Lakin, buna arxayınlaşmaq qətiyyən olmaz. Vaxtında düzgün diaqnozun qoyulmaması və müalicə olunmaması mənfi hallara səbəb ola bilər.

Onu da qeyd edək ki, ailədə ailədə allergik xəstəlik varsa, kazein proteinə allergiya və sİgE çox yüksəkdirsə belə uşaqlarda inək südü allergiyası uzana bilər.

Diaqnoz necə qoyulur?

Həkimə müraciət etdikdə çalışın ki, bütün uşaqda gördüyünüz əlamətləri, şikayətləri və qəbul etdiyi dərmanları deyəsiniz. Bunlar diaqnozun daha tez qoyulmağına kömək olacaqdır. Çünki, yalnız klinik əlamətlər və ya laborator testlərlə nəticə əldə etmək olduqca çətindir.

Əlamətlər olan uşaqlarda diaqnoz həkim məsləhəti ilə aşağıdakı analizlər aparıla bilinər:

  1. dəri testi ;
  2. qandan spesifik JgE,
  3. inək südünə və məhsullarına ara verməklə ( yəni bir müddət inək südü və onun məshullarını qida rasionundan tam çıxarmaqla)
  4. yükləmə testləri

Dəri testi- dərini cızaraq eyni anda müxtəlif allergenlərə qarşı allergik reaksiyanın olub olmadığını yoxlayır. Qida allergiyası testinin dəridən edilməsini daha məqsədə uyğun hesab edirik. Bu halda daha sürətli və dəqiq (etibarlı) cavab alınır. Dəridən edilən testlər 15-20 dəqiqə ərzində nəticə verir. Ona görə də dəridən allergik testlər edilməsinə üstünlük verilir. Dəri testi uşağın 2 aylığından etibarən həkiminizin məsləhəti ilə edilə bilinər. Bəzən körpəlik dövründə artıq bu problemlə qarşılaşma olduğundan test edilməyə ehtiyac olur. Test aparmağı düşündükdə allergiya və ya öskürək əleyhinə olan preparatların dayandırılıb – dayandırlmamalı olduğunuzu həkimlə məsləhətləşib öyrənilməlidir. Dəri testləri bəzi hallarda (non İgE formada)  neqativ olub düzgün nəticə verməyə bilər.  Ona görə də həkiminizlə mütləq məsləhtləşin.

İnək südü allergiyasına çox oxşayan və valideynlər tərəfindən qarışdırlan xəstəlik laktoz intoleransıdır. Bəzi ortaq əlamətləri olsa da əslində bir birindən tam fərqli xəstəliklərdir. Əsas fərq inək südü allergiyasın da uşağın immun sistemində inəyin südündə olan bir və ya bir neçə zülala qarşı allergik reaksiyasıdır. Bu qida allergiyası olub və həmin  zülalları qidadan uzaq tutmaq lazımdır.

Laktoz intoleransı (Laktozaya qarşı dözümsüzlük) laktoz adlandırılan süd şəkərinin həzm edilməməsidir. Bu səbəbdən allergik proses olmayıb, qarın ağrısı, qarında köp, ishal və s kimi əlamətləri olur. Dəri və ya tənəffüs sistemi zədələnmir. Amma müalicə olaraq eyni olub hər ikisində süd və süd məhsullarından istifadə bir müddət dayandırılmalıdır.

Müalicə necə edilir?

Bir daha qeyd etmək istərdik ki, inək südü allergiyası dedikdə bu yalnız inək südünə qarşı deyil, qoyun və keçi südünə qarşı allergiya da bura daxildir.

Diaqnoz qoyulduqdan sonra müalicə də ilkin olaraq inək südü tərkibində olan qidaların rasiyondan çıxarılmasıdır. Xüsusilə:

  • inək südü
  • inək südündən hazırlanmış pendir
  • kərə yağı
  • qatıq
  • peçenyalar
  • makaron
  • qaymaq
  • dondurma
  • laktoza və ya tərkibində laktat olan qidalar.

Bəzi məhsulların üzərində “süddən hazırlanmamışdır”, “tərkibində süd yoxdur” kimi yazılar olsa da belə, bir daha özünüz diqqətlə malın tərkibinə baxın və bu zaman məhsulun tərkibində süd zülalının olub-olmadığını yoxlayın.

Əgər körpəniz yalnız ana südü ilə qidalanırsa, süd verən ana öz qidasından inək südü və tərkibində süd məhsulları daxil olan bütün qidaları qəbul etməkdən çəkinməlidir.

Əgər körpə ana südü ilə deyil, süni qida ilə qidalanırsa tam hidrolizə olunmuş və ya aminoasit əsaslı qidalara (smeslərə) dəyişdirilməlidir (soya tərkibli süni qidalardan uzaq olmağa çalışın – xüsusilə ilk körpənizin ilk 6 ayında).

Bir qayda olaraq inək südü alergiyasının dərman ilə müalicəsi yoxdur. Bununla yanaşı, dəri üçün xüsusi kremlər və nəmləndircilər, qaşıntı əleyhinə, qızartı əleyhinə dərmanlardan istifadə olunur. Simptomatik klinik əlamətlərə görə müalicə aparılır.

Bəzən təsadüfən uşaq inək südü və ya onun məhsullarını yeyə bilər. Bu halda müşahidə olunan klinik əlamətlər aşağıdakı kimi yüngüldən ağır əlamətlərə kimi dəyişir. Buna bağlı olaraq müalicədə dəyişir.

Yüngül allergik reakisyalarda – Əgər inək südü qəbul etdikdən sonra qaşınma, qızarma və qabarıqlıq kimi əlamətlər olduqda həkiminiz allerqoloqun məsləhət bildiyi antihistamin dərmanlar əlamətlərin azalmasına kömək ola bilər.

Ciddi allergik reaksiyalarda (dəridə qızarıqlıq, dildə dodaq da şişkinlik, qırtlaqda şişkinlik, bronxlarda daralma, tənəffüs darlığı, astma klinik tablosu, təzyiq düşməsi, ürəyin sürətli döyünməsi) – təcili yardıma mütləq müraciət edilməlidir, hətta heç gözlənilmədən adrenalin inyeksiya dərhal vurulmağa ehtiyac ola bilər. Anafilaksiya şoku həyatı təhlükəlidir.

Uşaqlarda inək südünə qarşı allergiya yaş artdıqca dözümlülük yaranır. Həkim nəzarətində 6-12 ay ara ilə qida yüklənmə testi aparılaraq inək südünə qarşı dözümlülük yaranıb-yaranmadığı öyrənilə bilinər. Bəzi uşaqlar ocaqda bişirilmiş (200-220 dərəcəyə qədər isidilmiş) inək südünü həzm edə bilirlər (tolerə edə bilirlər).

Həmçinin inək südü allergiyası olan uşaqlar süd içə bilmədiklərinə görə dietoloqa müraciət etməli zülalla, kalsium və D vitamini ilə zəngin qida qəbul edilməlidir.

Müalicə edilmədikdə nə baş verə bilər?

  • Anafilaksiya: uşağınızda inək südü allergiyası əlamətlər başladıqdan sonra ən qısa müddət ərzində diaqnoz qoyulmalı və müalicə başlanılmalıdır. Çünki, əgər inək südü qəbul edilməyə davam edilsə anafilaktik şok reaksiyası görülə bilinər. Anafilkatik şok həyat üçün çox təhlükəli reaksiyadır.
  • Qida allergeninə qarşı dieta başlanılmadıqda sonrakı dövrdə uşağın yaşı böyüdükcə astmaya və ya digər allergik xəstəliklərə meyl artıraraq daha çox risk yarada bilər.
  • Atopik dermatit (Ekzema): uşağınızdakı inək südü allergiyası müalicə edilmədikdə atopik dermatit/ egzema ya səbəb ola bilər. Çünki, əsasən atopik dermatitə qida allergenləri səbəb olur.

Nəticə:

  • Müxtəlif əlamətlərlə ortaya çıxa bilər
  • Hər yaşda allergiya testləri edilə bilinər
  • Yalnız qan və ya dəri allergiya testləri ilə inək südü allergiyası diaqnozu qoyulmaya bilinər
  • Bütün analizlər və müalicə allerqoloqun müayinəsi nəticəsində aparılmalıdır. Özfəaliyyət ciddi mənfi nəticələrə səbəb ola bilər
  • Müalicədə əsas inək südündən və ondan hazırlanan məhsullardan istifadə olunmamalıdır

Aşağıdakı sxemləri isə həkimlərimizə diaqnostika baxımından kömək ola biləcəyini düşünüb paylaşırıq:

Yazının müəllifi

Əzizova Nərmin Akif qızı

Pediatr

Anesteziologiya Reanimasiya və İntensiv terapiya şöbəsi