Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi
Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsində – əməliyyatın növü və ağırlığı, xəstələrin yaşı, orqanizminin individual xüsusiyyətləri və yanaşı gedən digər xəstəliklərini nəzərə alaraq müxtəlif anesteziya xidmətləri həyata keçirilir.
Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsinin kollektivi planlı və təcili cərrahi əməliyyata xəstələrin hazırlanması, əməliyyatın gedişi zamanı orqan və sistemlərə nəzarət, həmçinin onlarda baş verən dəyişikliklərin korreksiyası, əməliyyatdan sonra rahat və ağrısız oyanmasını təmin edir. Vaxtında və ya yarımçıq doğulmuş, normal və ya az kütləli, müxtəlif inkişaf qusurları ilə doğulan yenidoğulmuşlar və digər yaş kateqoriya uşaqlarının çərrahi müdaxiləsi zamanı yüksək səviyyəli ixtisaslaşdırılmış anestezioloji xidmət 24 saat ərzində həyata keçirilir.
Təcrübəli anestezioloqlarımız əməliyyatdan əvvəl risk faktorlarını təyin etmək və mümkün qədər riskləri minimuma endirmək məqsədi ilə əməliyyat qabağı konsultasiyalar aparır.
Şöbəmiz dünya standartlarına uyğun anesteziya növlərini – müasir inhalyasion anestetikləri istifadə etməklə çoxkomponentli ümumi anesteziya; total venadaxili anesteziya; regional anesteziya və digərlərini tədbiq etməklə xidmətinizdədir.
Anesteziologiya elminin müasir tələblərinə cavab verən inhalyasion anestetiklərin – sevofluran, isofluran və s. istifadəsi yüksək keyfiyyətli anesteziyanın aparılması və ağırlaşma faizinin minimuma endirilməsi, əməliyyatdan sonra xəstənin tez və rahat oyanmasını təmin edir.
Elmi-Tədqiqat Pediatriya İnstitutunun əməliyyat otaqları və ayıltma palataları dünya standartlarına cavab verən tibbi avadanlıqlarla təmin olunub.
Əməliyyat otaqlarının müasir anestezioloji avadanlıqlarla təchiz olunması, dünyada qəbul olunmuş standartlar və anestezioloji protokolların tətbiqi əsasında istənilən növ anesteziyanın həyata keçirilməsinə şərait yaradır.
Əməliyyatdan sonra xəstələrimiz ən son tibbi avadanlıqlarla təchiz olunmuş xüsusi ayıltma palatalarımizda nəzarətdə saxlanılır. Beləki, müasir çoxfunksiyalı monitorlar vasitəsi ilə arterial təzyiqin ölçülməsi, nəbz, bədən hərarəti, ürəyin fəaliyyəti, qanın oksigenlə zənginliyi, turşu-qələvi müvazinəti kimi həyati vacib funksiyalarının göstəriciləri daimi nəzarət altında saxlanılır.
Nailə Səlimova
şöbə müdiri