Elmi Diaqnostik Tədqiqatlar Laboratoriyası

K.Y.Fərəcova adına ETPİ-da fəaliyyət göstərən Elmi-Diaqnostik laboratoriya şöbəsi institutun yarandığı gündən bu günə qədər böyük inkişaf yolu keçmişdir. Belə ki, ayrı-ayrı bölmələrdən ibarət olan şöbə dünya standartlarına uyğun müasir avadanlıqlarla, aparıcı Avropa şirkətlərinin istehsalı olan cihazlarla tam təmin olunmuşdur.

2014-cü ildən möhtərəm prezidentimiz İlham Əliyev cənablarının sərəncamlarına əsasən, səhiyyənin inkişafı və təkmilləşdirilməsi məqsədilə institut əsaslı şəkildə təmir edilmişdir. Təmirdən sonra şöbə daha da genişləndirilmiş və təkmilləşdirilmişdir. Şöbədə klinik müayinələrlə yanaşı, zamanın tələblərinə uyğun olan geniş həcmli elmi-tədqiqat işləri aparılır. Bu işdə təcrübəli mütəxəssislər, həkim-laborant və elmi işçi heyəti çalışır.

Şöbədə 5 bölmə fəaliyyət göstərir.

Klinik-Diaqnostik bölmədə qanın, sidiyin ümumi analizi, helmintozların, bağırsaq protozoylarının, mədə-bağırsaq traktında, həzm və sorulma proseslərinin pozğunluqlarının dəqiq təyini üçün koproloji müayinələr aparılır. Qanın ümumi analizi SYSMEX-21KX hematoloji amartizatorunda (18 göstərici), sidiyin ümumi analizi isə Combi Layser Plus (13 göstərici) analizatorda aparılır.

Biokimyəvi bölmədə qanın və sidiyin biokimyəvi göstəriciləri, zülal mübadiləsi, qaraciyər və piqment mübadiləsi, qalıq azot və onun komponentləri, fermentlər, karbohidratlar mübadiləsi, yağ mübadiləsi, su elektron mübadiləsi, turşu-qələvi müvazinətinin hemeostaz sistemi öyrənilir. Bütün müayinələr müasir standartlara cavab verən, İtaliya istehsalı olan Erma 606, Almaniya istehsalı olan Huma Clot duo Plus və Yaponiya istehsalı olan Gas Stat-600 avtomat analizatorlarda aparılır.

Seroloji bölmə.

Bu bölmədə TORCH infeksiyaları, qan qrupu və rezus faktor, kumbs reaksiyası, hormonların müayinəsi İtaliya istehsalı olan Sirio analizatorunda və Amerika istehsalı olan Stat Fakx analizatorlarında aparılır.

Bakterioloji bölmə.

Bu bölmədə qanın, sidiyin, nəcisin, bəlğəmin, bioloji möhtəviyyatların bakterioloji müayinəsi və 20-dən artıq antibiotiklərə qarşı həssaslığının təyini aparılır. Bundan əlavə, Ümumdünya Səhiyyə təşkilatı və Rostropoviç Vişnevskaya fondunun dəstəyi ilə 2009-cu ildən başlayaraq Azərbaycan Respublikasında 5 yaşa qədər uşaqlar arasında bakterial meningitlərin səviyyəsinin qiymətləndirilməsi üçün 2012-2015-ci illər ərzində nəzərdə tutulan epidemioloji nəzarəti qiymətləndirmək məqsədi ilə laboratoriya müasir standartlara cavab verən yeni avadanlıqlarla (Sinqapur istehsalı olan laminar şkaf,Yaponiya istehsalı olan avtoklav və Almaniya istehsalı olan termostat) təchiz edilmişdir.

İmmunoloji laboratoriya.

Bu bölmədə hüceyrə immuniteti (T və B limfositlər), humoral immunitet (İgÇ, İgA, İgM, SİgA), orqanizmin sitokin statusu (İL-1, 1β, 4, 6,8,10,18 TNF- , NSE) müayinələri yeni üsullar tətbiq etməklə öyrənilir.

Elmi-Diaqnostik laboratoriya şöbəsi institutun ayrı-ayrı şöbələri tərəfindən planlaşdırılmış elmi-tədqiqat işlərində fəal iştirak edir.

 

Pulmonologiya şöbəsində aparılan erkən yaşlı uşaqlarda ağırlaşmış, forma pnevmoniya zamanı aparıcı metabolitik dəyişikliklərin müasir patogenetik müalicəsi, “Yenidoğulanların patologiyası” şöbəsində aparılan “Bətndaxili infeksiyalar keçirən uşaqların katamnezi”, Tibbisosial araşdırmalar və elmi-tədqiqat işlərinin planlaşdırılması elmi bölməsində aparılan “Məcburi köçkün və qaçqın uşaqlarda xəstələnmə və ölüm halları”, “Uşaqlarda ilkin dövrdə fiziki inkişaf”, “Azərbaycanın müxtəlif regionlarında yaşayan erkən yaşlı uşaqlarda anemiyaların yayılma tezliyi” mövzusunda planlı elmi işlərdə iştirak etmişdir. Bundan əlavə, müasir dövrün ən aktual problemlərindən biri olan  “Yenidoğulanlarda nekrotik enterokolitin erkən diaqnostikası, klinikası və müasir müalicə prinsipləri” mövzusunda institutumuz tərəfindən geniş miqyaslı elmi iş planlaşdırılıb. Bu işin aparılması üçün 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında “Elmin inkişaf fondu” tərəfindən qazanılmış qrant layihəsinə əsasən laboratoriya Almaniya istehsalı olan avtomat “Elysis Uno” tipli İFA analizatoru, termoşeyker, elektron tərəzi və reaktivlərlə təchiz edilmişdir. Bu mövzu ilə əlaqədar institutun doktorantları tərəfindən elmi-tədqiqat işləri aparmış və yeni müayinə üsulları (MMP9, MMP2, MMP4, kalprotektin, transferrin) tətbiq edilməkdədir.

Nazilə Kərimova

şöbə müdiri

Nərgiz Mustafayeva

Nubar Tağıyeva

Ləman Həsənli

kiçik elmi işçi
kiçik elmi işçi
kiçik elmi işçi