Şöbə haqqında

Şöbə 80-cı illərdə K.Y.Fərəcova adına ETPİ-nin nəzdində 6 çarpayılıq Reanimasiya və İntensiv terapiya şöbəsi kimi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin sərəncamı ilə ölkə əhalisinin sağlamlığının qorunması istiqamətində görülən işlər çərçivəsində səhiyyənin ən prioritet sahələrindən olan uşaqların müalicəsi və reabilitasiyasını həyata keçirən Elmi-Tədqiqat Pediatriya İnstitutunun təmiri və müasir avadanlıqla təchiz olunması qərara alınmışdır. Əsaslı təmirdən sonra, 2014-cü ildən şöbə 50 çarpayılıq Anesteziologiya Reanimasiya və İntensiv terapiya şöbəsi kimi fəaliyyətinə davam edir, ən müasir və zəruri avadanlıqlarla təchiz edilib, burada uşaqlara ən yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hərtərəfli şərait yaradılıb. Hər il şöbədən 3000-dən artıq xəstə uşaq keçir. Bu uşaqlar müxtəlif səviyyəli doğum evlərindən, respublikada fəaliyyət göstərən Perinatal mərkəzlərdən, mərkəzi rayon xəstəxanalarının doğum və uşaq şöbələrindən, şəhər poliklinikalarının göndərişi ilə və evdən daxil olurlar. Daxil olan uşaqların əksəriyyəti yenidogulanlar və vaxtındanqabaq doğulan uşaqlardır.

Hal-hazirda şöbədə 3 reanimasiya zalı, ekspres laboratoriya, əmizdirmə otağı, analar otağı mövcuddur. Reanimasiya zallarının hər biri küvezlər, qızdırıcı lampası olan bələk masaları, süni tənəffüs aparatı, CPAP, monitor kompleksləri, mərkəzləşdirilmiş oksigen sistemi, hərəki rentgen aparatı, fototerapiya və digər yardımçı cihaz və alətlərlə təchiz olunmuşdur. Şöbədə mövcud olan “Babylog-8000 plus”,“Hamilton-C 1”süni tənəffüs aparatları vaxtındanqabaq  doğulmuş və ağır tənəffüs çatmamazlığı olan müxtəlif yaş qrupuna aid olan uşaqlarda uğurla istifadə edilir. Bütün müalicə müddətində uşaqların ürək-damar sisteminin fəaliyyəti (arterial təzyiq, nəbz) və tənəffüs sisteminin fəaliyyəti (qanın oksigenlə təchizatı) təcrübəli həkim və tibb bacıları tərəfindən daim nəzarətdə saxlanılır. Şöbəyə daxil olan bütün xəstə uşaqlara neyrosonoqrafiya, daxili orqanlarının ultrasəs müayinəsi, exokardioqrafiya, rentgenoqrafiya, qanin ümumi müayinəsi, qan qazlarının, elektrolitlərin və şəkərin təyini kimi diaqnostik üsullar həyata keçirilir. Həkimlərimiz tərəfindən SV aparatında izləmə, mübadilə qan dəyişmə əməliyyatı, cərrahi əməliyyatlardan sonrakı dövrdə körpələrə müalicə və  qulluq, fototerapiya, onurğa beyin punksiyası, yenidoğulmuşlarda göz dibi müayinəsi  və bu kimi bir sıra xidmətlər göstərilir. 2015-ci ildən başlayaraq şöbədə ekstremal az çəkili uşaqlara endogen surfaktant (Kurosurf-120 mg/1,5 ml) tətbiq olunmağa başlanıb.

Bundan əlavə, ehtiyac yarandıqda şöbədə müalicə alan uşaqlar müxtəlif şəhər klinik xəstəxanalarından dəvət olunmuş mütəxəssislər tərəfindən müayinə olunurlar. Həmçinin, xəstə uşaqların anaları da şöbəmizdə həkim-terapevt tərəfindən müayinə olunur, onlara müvafiq müalicə yazılır, eyni zamanda analar gündə 3 dəfə yeməklə təmin olunurlar.

Qeyd etmək lazımdır ki, şöbədə yüksək ixtisaslı, təcrübəli, peşəkar,  təkmilləşmə kursları keçmiş yüksək səviyyəli həkim kollektivi çalışır, eyni zamanda həkimlər tərəfindən elmi- tədqiqat işləri də aparılır.

2015-ci il noyabr ayından başlayaraq şöbənin əməkdaşları sanitar-aviasiya xətti ilə respublikada fəaliyyət göstərən Perinatal mərkəzlərdə  ağır vəziyyətdə olan yenidogulanları müayinə edir, lazım gəldikdə xüsusi təhcizatı olan təcili yardım maşınlarında onların ETPİ-yə, eləcə də Bakı şəhərində yerləşən müxtəlif  Uşaq Klinik Xəstəxanalarına təxliyəsini həyata keçirirlər.