Şöbə 80-cı illərdə K.Y.Fərəcova adına ETPİ-nin nəzdində 6 çarpayılıq Reanimasiya və İntensiv terapiya şöbəsi kimi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin sərəncamı ilə ölkə əhalisinin sağlamlığının qorunması istiqamətində görülən işlər çərçivəsində səhiyyənin ən prioritet sahələrindən olan uşaqların müalicəsi və reabilitasiyasını həyata keçirən Elmi-Tədqiqat Pediatriya İnstitutunun təmiri və müasir avadanlıqla təchiz olunması qərara alınmışdır. Hər il şöbədən 3000-dən artıq xəstə uşaq keçir. Bu uşaqlar müxtəlif səviyyəli doğum evlərindən, respublikada fəaliyyət göstərən Perinatal mərkəzlərdən, mərkəzi rayon xəstəxanalarının doğum və uşaq şöbələrindən, şəhər poliklinikalarının göndərişi ilə və evdən daxil olurlar. Daxil olan uşaqların əksəriyyəti yenidogulanlar və vaxtındanqabaq doğulan uşaqlardır.
Hal-hazirda şöbədə 3 reanimasiya zalı, ekspres laboratoriya, əmizdirmə otağı, analar otağı mövcuddur. Reanimasiya zallarının hər biri küvezlər, qızdırıcı lampası olan bələk masaları, süni tənəffüs aparatı, CPAP, monitor kompleksləri, mərkəzləşdirilmiş oksigen sistemi, hərəki rentgen aparatı,
fototerapiya və digər yardımçı cihaz və alətlərlə təchiz olunmuşdur. Şöbədə mövcud olan “Babylog-8000 plus”,“Hamilton-C 1”süni tənəffüs aparatları vaxtındanqabaq doğulmuş və ağır tənəffüs çatmamazlığı olan müxtəlif yaş qrupuna aid olan uşaqlarda uğurla istifadə edilir. Bütün müalicə müddətində
uşaqların ürək-damar sisteminin fəaliyyəti (arterial təzyiq, nəbz) və tənəffüs sisteminin fəaliyyəti (qanın oksigenlə təchizatı) təcrübəli həkim və tibb
bacıları tərəfindən daim nəzarətdə saxlanılır. Şöbəyə daxil olan bütün xəstə uşaqlara neyrosonoqrafiya, daxili orqanlarının ultrasəs müayinəsi,
exokardioqrafiya, rentgenoqrafiya, qanin ümumi müayinəsi, qan qazlarının, elektrolitlərin və şəkərin təyini kimi diaqnostik üsullar həyata keçirilir.
Həkimlərimiz tərəfindən SV aparatında izləmə, mübadilə qan dəyişmə əməliyyatı, cərrahi əməliyyatlardan sonrakı dövrdə körpələrə müalicə və qulluq,
fototerapiya, onurğa beyin punksiyası, yenidoğulmuşlarda göz dibi müayinəsi və bu kimi bir sıra xidmətlər göstərilir. 2015-ci ildən
başlayaraq şöbədə ekstremal az çəkili uşaqlara endogen surfaktant (Kurosurf-120mg/1,5 ml) tətbiq olunmağa başlanıb.
Qeyd etmək lazımdır ki, şöbədə yüksək ixtisaslı, təcrübəli, peşəkar, təkmilləşmə kursları keçmiş yüksək səviyyəli həkim kollektivi çalışır, eyni
zamanda həkimlər tərəfindən elmi- tədqiqat işləri də aparılır.