Tədbirdə institutun direktoru, dosent Aynur Poluxova tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək, onların cəmiyyət üçün əvəzolunmaz rolundan danışıb. Direktor qeyd edib ki, tibb işçisi olmaq – sadəcə bir peşə deyil. Bu, vicdanın, mərhəmətin və insan həyatına xidmət edən müqəddəs missiyadır. Siz gecə-gündüz demədən, ağır məsuliyyət daşıyaraq körpələrin sağlamlığı üçün çalışırsınız. Hər birinizin əməyi bizim cəmiyyətimiz üçün son dərəcə dəyərlidir.
Ulu Öndər Heydər Əliyev hər zaman tibb işçilərinə xüsusi hörmət və ehtiramla yanaşırdı. Onun sözləri ilə desək, “Həkimlik – insanlara həyat bəxş edən, ümid verən ən müqəddəs peşələrdən biridir. Bu gün Azərbaycan səhiyyəsi Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yolla irəliləyir və onun tibbi kadrlara verdiyi dəyər unudulmur. Bu bayram günündə sizə möhkəm cansağlığı, ailə səadəti və peşəkar uğurlar arzulayıram. Qoy əlinizin hər toxunuşu şəfa, sözünüz ümid, varlığınız güvən olsun!
Bayram münasibətilə institutda çalışan bir sıra seçilmiş şöbələrə və əməkdaşlara təşəkkürnamələr təqdim olunub. Həmçinin şöbələrə bayram tortları paylanıb, tibbi personal üçün tibbi geyimlər təqdim edilib. Tədbirin sonunda isə bayram əhval-ruhiyyəsini ifadə edən rəngarəng şarlar səmaya buraxılıb.
Səmimi və xoş ovqatla keçən tədbir kollektiv arasında həmrəyliyi, peşə qürurunu və birgə sevinc hissini daha da gücləndirdi.
Peşə bayramınız mübarək olsun, əziz tibb işçiləri!

