“Pediatriyada oftalmoloji problemlərin müzakirəsi” adlı elmi-praktik konfrans keçirilib

Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 14 mart 2025-ci il tarixində  “Pediatriyada oftalmoloji problemlərin müzakirəsi” adlı elmi-praktik konfrans keçirilib. Tədbir, pediatriya və oftalmologiya sahələrində çalışan həkimlər, tədqiqatçılar və mütəxəssislər üçün əhəmiyyətli bir platforma olub. 

Tədbirin açılışı institutun direktoru t.ü.f.d.,dos Aynur Poluxovanın nitqiylə başlayıb. 

Direktor iştirakçıları salamlayaraq onları qarşıdan gələn Ramazan və Novruz Bayramı münasibətilə təbrik edib. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və vətən müharibəsində canlarını qurban verən  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Direktor öz çıxışında bildirib ki, son dövrlərdə ölkəmizdə diridoğulmanın yeni meyarlarına keçidlə, süni mayalanma ilə əlaqədar vaxtından əvvəl doğulan uşaqların sayında artım müşahidə olunur. Bu uşaqlar Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Reanimasiya şöbəsində və ikinci etap kimi respublikada yeganə şöbə olan Vaxtından əvvəl doğulanların patologiyası şöbəsinə daxil olurlar. Reanimasiya şöbəsinə bu uşaqlar müxtəlif patologiyalarla-tənəffüs çatışmazlığı, sepsis, hemodinamik pozğunluqlar, baş beynə ağır dərəcəli qansızmalar və s. ilə daxil olaraq müxtəlif reanimasiya tədbirlərinə məruz qalırlar. Bu uşaqlar hətta aylarla bu şöbələrdə müalicə olunurlar. Bu səbəbdən bu uşaqlarda göz skrininqinin aparılması,  vaxtında göz patologiyalarının aşkar edilməsi, vaxtında edilən müdaxilələr gələcəkdə uşaqlarda göz funksiyasının düzgün formalaşmasına, sağlam genofondun yaranmasına gətirib çıxa bilər. Vaxtından əvvəl doğulanlarda retinopatiyaların vaxtında aşkar olunmaması gələcəkdə hətta korluğa da səbəb ola bilər. Bu səbəbdən konfransımızın əsas məqsədi pediatr, neonatoloq və oftalmoloqların diqqətini bu problemə cəlb etmək, Pediatriya İnstitutunun təcrübəsi ilə bölüşmək, birgə fikir mübadiləsi aparmaqdan ibarətdir. 

Daha sonra Azərbaycan Tibb Universiteti t.e.d.,dos. Müşfiq Həsənov çıxış edərək, ATU-nun rəhbərliyi adından konfransa uğurlar arzulayıb,  belə mühüm bir elmi-praktik konfransın təşkil edilməsinin əhəmiyyətini vurğulayıb. Uşaqların görmə sağlamlığının qorunması və bu sahədə müasir yanaşmaların tətbiqinin vacibliyini diqqətə çatdırıb. O, konfransın məqsədinin pediatriya və oftalmologiya sahələrində çalışan mütəxəssisləri bir araya gətirərək, uşaqlarda rast gəlinən oftalmoloji problemlər və onların müalicəsi barədə məlumat mübadiləsi etmək olduğunu qeyd edib.

Konfransın rəsmi açılış hissəsindən sonra söz çıxışçılara verilib.

Tədbirin birinci və ikinci hissələrində proqrama uyğun olaraq məruzələr dinlənilib və müzakirələr aparılıb. Birinci hissə Azərbaycan Tibb Universitetinin professoru Fatimə Seyidbəyova və t.ü.f.d., dosent Hafiz Qəhrəmanovun sədrliyi altında,  ikinci hissə isə, ETPİ-nin Vaxtından əvvəl doğulmuşların patologiya şöbəsinin müdiri, t.e.d., dosent Adilə Hacıyeva və elmi katib, dosent Sevinc Nəsirova sədrliyi ilə keçirilib. 

Son olaraq konfransın iştirakçıları bu tip elmi-praktik tədbirlərin uşaqların görmə sağlamlığının yaxşılaşdırılması istiqamətində böyük əhəmiyyət daşıdığını vurğulayıb, gələcəkdə bu cür tədbirlərin davam etdirilməsinin vacibliyini və daha geniş auditoriyada muzakirəni tövsiyə  ediblər.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *