Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (ETPİ) və Qazaxıstan Respublikasının “Pediatriya və Uşaq Cərrahiyyə Elmi Mərkəzi” arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində, ETPİ-nin elmi şöbəsinin müdiri, t.ü.f.d. Günay Salehova və kiçik elmi işçi Aytəkin Əliyeva 13-14 mart 2025-ci il tarixlərində Qazaxıstan Respublikasında keçiriləcək II Qazaxıstan Beynəlxalq Neonatal Simpoziumunda spiker və moderator kimi iştirak edəcəklər.
Simpoziumun əsas məqsədi həm Qazaxıstan, həm də xarici ölkələrdən neonatologiya sahəsində aparıcı mütəxəssisləri bir araya gətirərək yeni doğulmuş körpələrə qulluq üçün ən son texnologiyalar haqqında təcrübə və fikir mübadiləsi aparmaqdır.
Plenar və seksiya iclaslarında aşağıdakı əsas məsələlər müzakirə olunacaq:
✔ Neonatologiyada müasir tendensiyalar
✔ Qazaxıstan Respublikasında və xaricdə neonatal xidmətlərin təşkilinə innovativ yanaşmalar
✔ Neonatal ölüm: yenidoğulmuşların sağ qalmasını yaxşılaşdırmaq üçün strategiyalar
✔ Təkmil yenidoğulanlara qulluq texnikaları
✔ Yenidoğulmuşlara tibb bacısı baxımı: əməliyyatdan sonrakı dövrdən tam sağalmaya qədər
✔ Yenidoğulmuşlara dəstək və onlara qulluqda tibb bacısı mütəxəssislərinin rolu
Həmçinin, beynəlxalq əməkdaşlıq çərçivəsində 23-24 may 2025-ci il tarixlərində Qırğızıstan Respublikasının Bişkek şəhərində “Mamalıq, ginekologiya və uşaq cərrahiyyəsi sahəsində innovasiyalar” adlı konqresin keçirilməsi nəzərdə tutulub. Bu beynəlxalq konqresdə Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən t.ü.f.d., dos Gülnaz Ağayeva spiker və moderator kimi iştirak edəcək. Həmçinin, ET Pediatriya İnstitutu konqresin beynəlxalq təşkilat komitəsinin üzvü seçilib.
Konfranslarda iştirakla yanaşı, Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən t.ü.f.d., dos. Mahirə Əfəndiyeva və t.ü.f.d., dos. Aytəkin Adilovanın həmmüəllifi olduğu, pediatriya sahəsindəki elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən iki elmi məqaləsi Qırğızıstan Respublikası, “Здоровье матери и ребенка” Jurnalına çap olunmaq üçün təqdim edilib.
