Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) Elmi Şuranın 2025-ci il üçün ilk iclası keçirilib.
İnstitutunun direktoru, Elmi Şuranın sədri t.ü.f.d., dos Aynur Poluxova keçirilən iclasın gündəliyin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Vaxtından əvvəl doğulan uşaqların patologiyası şöbəsinin iş fəaliyyəti haqqında 2024-cü il üçün illik hesabatı, institutun doktorantlarının mövzularının təsdiqi, o cümlədən müxtəlif məsələlərin daxil olduğunu bildirib.
Vaxtından əvvəl doğulan uşaqların patologiyası şöbəsinin müdiri b.e.i., t.e.d.,dos. Adilə Hacıyeva şöbənin 2024-cü il üçün iş fəaliyyəti haqqında illik hesabatı təqdim edib. Hesabat açıq səsvermədə qənaətbəxş hesab olunub.
Daha sonra ETPİ-nin iki doktoranı fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyaların annotasiyasını təqdim ediblər.
Regina Nemətova t.e.d. Nüşabə Pənahovanın rəhbərliyi ilə “Respirator terapiya alan vaxtından əvvəl doğulan uşaqlarda kəskin böyrək zədələnməsinin molekulyar-genetik prediktorları”, Şəlalə Nuiriyeva t.e.d.,dos. Adilə Hacıyevanın rəhbərliyi ilə “Yenidoğulanlarda neonatal hiperbilirubinemiyalar zamanı kerninkterus spektirli pozğunluqların inkişafının erkən diaqnostikası və gen polimorfizminin müəyyənləşdirilməsi” haqqında dissertasiyaların annotasiyasını təqdim ediblər.
Elmi Şuranın üzvlərinin iştirakı ilə keçirilən iclasda təqdim edilmiş dissertasiyaların annotasiyası ətrafında müzakirələr aparılıb, bu istiqamətdə müxtəlif təkliflər irəli sürülüb, rəylər dinlənilib və səsvermədə qənaətbəxş qiymətləndirilib.
Daha sonra elmi katib, t.ü.f.d.,dos Sevinc Nəsirova qarşıda keçiriləcək seminar və konfranslar haqqında məlumat verib. Qarşılıqlı əməkdaşlıq çərçivəsində ETPİ-dən 2 nəfər həkim mütəxəssisin Qazaxıstan Respublikasına və 2 nəfər həkim-mütəxəssisin Qırğızıstan Respublikasında keçiriləcək “Mamalıq-ginekologiya, pediatriya və uşaq cərrahiyyəsi sahəsində yeniliklər” mövzusunda beynəlxalq elmi-praktik konfransda müxtəlif mövzularda çıxışlar edəcəyini şura üzvlərinin diqqətinə çatdırıb. Eyni zamanda Naxçıvan Muxtar Respublikasında əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılması məqsədi ilə ETPİ-nin həkim-mütəxəssislərinin ezamının nəzərdə tutulduğunu bildirib. İsrail Respublikası “Soroka” Universiteti Cheryl və Chaima Saban Uşaq Xəstəxanası ilə Pediatriya İnstitutu arasında imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində 7-10 aprel 2025-ci il tarixlərində ZOOM platforması üzərindən keçiriləcək İsrail pediatrlarının yaz toplantısı haqqında şura üzvlərinə məlumat verib.
