Mövsüm xəstəlikləri

 

Mövsüm keçidləri zamanı hava şəraitinin dəyişməsi erkən yaşlı uşaq və valideyinlər arasında ciddi problemlər yaradır. Bildiyimiz kimi yay aylarında xəstəlik törədici və viruslardan rotavirus, enterovirus kimi infeksiyalarla geniş yayılır. Diqqətin koronavirusa yönəlməsi dövründə, bu infeksiyalar da nəzərdən kənar qalmamalıdır. Yay aylarında, təmiz yuyulmamış meyvələrdən, dəniz və ya hovuzlarda çimən zaman ağız boşluğuna düşən su ilə kəskin bağırsaq infeksiyalarına yoluxma ilə tez-tez rastlaşırıq. Dünyada 30-dan çox və asanlıqla yayılan müxtəlif növ infeksiyalar mövcuddur. Onlar uzun müddət suda, torpaqda, əşyaların və qidanın üzərində qala bilir, milçək və başqa həşarat vasitəsi ilə yayılırlar. Bu infeksiyalara ən çox 7 yaşına qədər uşaqlar məruz qalır. Qida məhsulları isti hava şəraitində qaldığı zaman, məsələn ət, süd, balıq, şirniyyatlar, tez xarab olur və infeksiyanın inkişaf etməsinə imkan yaranır. Yay vaxtları qaynanmamış su içirik. Susuzlanan zaman çox içilən su mədə şirəsinin konsentrasiyasını və eyni zamanda onun qoruyucu təsirini azaldır.
Kəskin bağırsaq infeksiyalarının əsas əlamətləri bunlardır: qızdırma, zəiflik, iştahanın azalması, qusma, qarında köp, ağrı və diarea (tezləşmiş nəcis). Qusma və diarea zamanı ciddi fəsadlardan biri də susuzlaşmadır. Bu xəstəliklərin risk qrupuna immun sistemi zəif, qastrit, xora və sairə mədə-bağırsaq xəstəliyi olan uşaqlar daxildir.
Övladlarınızı mədə-bağırsaq infeksiya xəstəliklərindən qorumaq üçün ilk növbədə sadə üsullardan istifadə etmək tövsiyə olunur:
1. Yeməkdən əvvəl əlləri yumaq;
2. Açıq havada olan, qaynanmamış su mənbələrindən istifadə etməmək;
3. İstifadədən əvvəl meyvə və tərəvəzləri axar su ilə təmiz yumaq, körpələr üçün isə qaynadılmış su ilə yumaq;
4. Xüsusi mülkiyyətçilərdən alınan süd məhsulları termiki işlənmədən keçirmək;
5. Yumurtanı istifadədən əvvəl yumaq və çiy şəkildə yeməmək;
6. Bəzi qida məhsulları şəraitə uyğun olaraq soyuducuda saxlamaq.

Bundan əlavə qeyd etmək lazımdır ki, isti yay günlərində günorta saatları uzun müddət günəş altında olmaq məsləhət deyil. Günvurma zamanı sağlamlığınızda bu kimi ciddi fəsadlarla rastlaşa bilərsiniz: baş ağrıları, mədə bulanması, qusma, qıcolma və hətta huşun itirilməsi.

Payız mövsümünə keçid zamanı bir çox uşaqlar davamlı olaraq soyuqdəymə və hava-damcı yolu ilə yayılan infeksiyaların təsirinə məruz qalırlar. İnsanın sağlamlığına həyat tərzi çox böyük təsir edir. Öncəki nəsil uşaqlar günün çox vaxtını küçədə oynayaraq havada keçirirdilər. İndiki nəsil isə çoxsaylı əyləndirici məşğuliyyətlər, televizor, video, müxtəlif oyun qurğuları, kompyüter və s. olan qapalı mühit – uşaq bağçalarında, məktəblərdə, evlərdə zaman keçirirlər. Qapalı yerlərdə uşaqlar insanlarla çox yaxın təmasda və az fiziki aktiv olurlar. Əgər valideynlər siqaret çəkirsə, uşaqlar təmiz hava əvəzinə tüstü ilə nəfəs alır, bu isə sağlamlıq üçün arzuolunmazdır. Həyat tərzi dəyişdikcə, hərəkət aktivliyi azaldıqca uşaqlar stress yaşayırlar və bu da onların immun sisteminə mənfi təsir göstərir. Payız mövsümü dövründə belə uşaqlar kəskin respirator xəstəlikləri yaradan bakteriyalara və viruslara asanlıqla yoluxurlar. Adətən mikroorqanizmlər burun, ağız və boğazın selikli qişalarında yaşayırlar ki, bu da özünü rinit (zökəm), faringit (boğazın iltihabı), larinqotraxeit, bronxit və sairə şəkildə özünü göstərir. Uşağın bədən hərarəti yüksəlir, halsızlıq hissi yaranır və quru öskürək başlayır. Adenovirus infeksiyası zamanı baş ağrısı, halsızlıq, əzələ ağrısı, iştahasızlıq da mövcud ola bilər. Gözlərin qızarması və limfa düyünlərinin böyüməsi də mümkündür. Müalicəni ilk öncə bol maye qəbulundan başlamaq lazımdır. Maye qəbulu bədəndən toksinləri təmizləməyə şərait yaradır.
Payız mövsümündə allergik xəstəliklər də az problem yaratmır. Uşağın immunitetinin zəiflədiyi fonda allergenlər aktivləşir. Xəstəliyin əlamətləri: zökəm, gözlərin qızarması, astma tutmaları və sairə formada özünü biruzə verir. Əvvəlcə müalicəni antihistamin preparatlarının qəbulu ilə başlamaq lazımdır. Daha sonra allergenlə təması aradan qaldırmaq, immun sistemini möhkəmlətmək və pəhriz saxlamaq məsləhət görülür. Yadda saxlamaq lazımdır ki, payızda xroniki infeksiyaların kəskinləşməsi də mövcuddur. Bu zamanlar analar müalicəni özbaşına etməməli, mütləq həkimə müraciət etməlidirlər.
Düzgün qidalanma, hərəkət aktivliyi, bədənin möhkəmlənməsi, gigiyena tədbirləri uşaqların sağlamlığına təsir edir.

Həkim-pediatr Tükəz Məmmədova

Leave a Comment

Your email address will not be published. Required fields are marked *