İkitərəfli görüş zamanı Bambino Gesu Hospitalı ilə nazirliyin Elmi-Tədqiqat Pediatriya İnstitutu arasında pediatriya sahəsində əməkdaşlıq əlaqələrinin qurulması, həkim-mütəxəssislər arasında təcrübə mübadiləsi, birgə elmi-tədqiqat işlərinin aparılması və s. imkanlar müzakirə olunub.
İlk öncə səhiyyə nazirinin müavini giriş sözü ilə Azərbaycanın inkişaf tarixindən, keçdiyi azadlıq yolundan, bugünkü siyasi-ictimai stabillikdən, gələcəkdəki inkişaf prespektivlərindən danışaraq Səhiyyə Nazirliyinin yaradılması tarixindən, inkişaf yolundan, tibbi təhsilin yaradılması, ilk tibbi müəssisələrin yaranma tarixindən qarşı tərəfə ətraflı məlumat verib.
Daha sonra Milli Məclisin deputatı Soltan Məmmədov Heydər Əliyev Fondu adından bəzi vacib əməkdaşlıq məsələlərinin aktuallığından söz açıb.
Bambino Gesu Hospitalının nümayəndəsi öz mərkəzlərinin əsas xidmət sahələri, strukturu, bölmələrin iş prinsipləri, laborator və genetik tədqiqatlar barədə təqdimatla geniş məlumat verib. Qeyd edək ki, Bambino Gesu Hospitalı 1869-cu ildə İtaliyanın Roma şəhərində fəaliyyətə başlayıb və hazırda pediatriya sahəsində İtaliyanın ən nüfuzlu hospitallarından biridir. 1980-ci ildən bəri öz nüfuzuna və İtaliyanın Milli Səhiyyə Sistemi ilə əlaqələrinin möhkəmlənməsinə görə xəstəxana milli səviyyədə pediatriya üçün əhəmiyyətli istinad nöqtəsinə çevrilib. 1985-ci ildə Bambino Gesù rəsmi olaraq tədqiqat xəstəxanası kimi tanınıb. Xəstəxana 10 pediatriya şöbəsi vasitəsilə 20-dən çox səhiyyə ixtisası üzrə xidmət göstərir.
İnstitutun Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Regina Nemətova K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu haqqında təqdimatı diqqətə çatdırıb, institutun fəaliyyəti barədə yığcam məlumat verib.
Görüşün nəticəsi olaraq qarşılıqlı əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılaşma əldə olunub, əməkdaşlığın gələcəkdə aparılması barədə prespektivlər planlaşdırılıb.