Şuranın sədri, t.ü.f.d.,dos. Aynur Poluxova iclası açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb, açıq səsvermə ilə təsdiq olunub. Elmi Şuranın gündəliyində duran məsələlər – K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun elmi şöbəsinin (yenidoğulmuş və vaxtından əvvəl doğulmuşların patologiyası elmi şöbəsi) hesabatı, müsabiqə məsələləri, o cümlədən müxtəlif məsələlər olub.
Hesabat ətrafında müzakirələr aparılıb, qənaətbəxş hesab olunub.
Elmi Şurada institutun qiyabi doktorantı Qafarlı-Esdaile Günel Adil qızının “Yenidoğulan uşaqlarda kritik anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası, klinikası və proqnostik dəyərləndirilməsi” dissertasiya işinin mövzusunda annotasiyasının ilkin variantının müzakirəsi keçirilib. Müzakirədə elmi işin təcrübi əhəmiyyəti, yeniliyi, müayinə metodları, müayinə üçün nəzərdə tutulan körpələrin qruplara bölünməsi və s. barədə çox saylı suallar verilib, geniş müzakirələr aparılıb, tövsiyələr səsləndirilib. Verilən tövsiyələr nəzərə alındıqdan sonra elmi rəhbərlə yenidən elmi işin məzmununa bir daha diqqət yetirilməsi və iradlar nəzərə alınmaqla annotasiyada müəyyən düzəlişlərin aparılması tövsiyə olunub.
Həmçinin, Tibb qəzetində çıxan elana əsasən gizli səsvermə yolu ilə 3 elmi bölməyə 2 kiçik elmi işçi, 1 böyük elmi işçi, 1 böyük elmi işçi isə “Uşaq xəstəlikləri (Pediatriya)” elmi şöbəsinə müsabiqəyə qədər elmi şöbənin müdir vəzifəsinə seçilib.
Elmi Şuranın müxtəlif məsələlərində planlaşdırılan elmi konfranslar, tezislərə olan tələbatlar elan edilib.
Yekunda Aynur Poluxova ETPİ-nin elmi bölmələrində olan reallıqlar, problemlər və bəzi təklifləri irəli sürərək müzakirə edilməsini və rəylərin bildirilməsini tövsiyə edib.