Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, nazirliyin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Azərbaycan Uşaq Cərrahları Assosiasiyasının birgə təşkilatçılığı ilə 17-19 May 2024-cü il tarixlərində “Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” – 1-ci Beynəlxalq Forum keçiriləcək.
Yerli və xarici mütəxəssislərin iştirakı ilə baş tutacaq forum görkəmli alim və həkimləri bir araya gətirəcək.
Forumda dünyanın müxtəlif ölkələrindən 140-dan çox elm adamının iştirakı nəzərdə tutulub.
Panel sessiyalarla keçiriləcək forumda neonatal, torakal, abdominal, təcili və təxirəsalınmaz cərrahiyyə, koloproktologiya, uşaq yaşlarının uro-andrologiyası, travmatologiya və ortopediyası, uşaqlarda irinli cərrahi infeksiyalar, anesteziologiya və reanimatologiyası, onkologiyası, üzün və boyunun anadangəlmə inkişaf qüsurları və tibbin müxtəlif istiqamətlərinə aid məruzələr dinləniləcək.
Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 26 DTT kredit balı ilə qiymətləndirilib.