Azərbaycan Pediatrlar Assosiasiyasının “Türk Dünyası Pediatrların Zirvə Görüşü Layihəsi 2024″ çərçivəsində 3-5 may 2024-cü il tarixlərində “2-ci Azərbaycan-Türkiyə Pediatriya Günləri” adlı elmi praktik konfrans keçirilib

Azərbaycan Pediatrlar Assosiasiyasının “Türk Dünyası Pediatrların Zirvə Görüşü Layihəsi 2024″ çərçivəsində 3-5 may 2024-cü il tarixlərində “2-ci Azərbaycan-Türkiyə Pediatriya Günləri” adlı elmi praktik konfrans keçirilib. Yerli və xarici mütəxəssislərin iştirakı baş tutan konfrans görkəmli alim və həkimləri bir araya gətirib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun rəhbərliyi və kollektivi konfransda iştirak ediblər. Konfrasda əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsində həlak olan şəhidlərimizin əziz xatirələri ehtiramla yad olunub, Azərbaycan və Türkiyə Respublikasının dövlət himnləri səsləndirilib. Konfransda Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, konfransın Təşkilat Komitəsinin sədri, Türkiyənin Dicle Universitetinin Tibb fakültəsi Uşaq sağlığı və xəstəlikləri kafedrasının professoru İlyas Yolbaş, Səhiyyə Nazirliyinin Ana və uşaq sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, Doğu Pediatriya Dərnəyinin təsisçisi Velat Şen, Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov, Pediatrik Uzmanlar Akademiyası Dərnəyinin rəhbəri Vefiq Arıca və digərləri bildiriblər ki, konfransda edilən çıxışlar, aparılan müzakirələr pediatriya sahəsi üçün öz müsbət təcrübələri ilə yadda qalacaq. Natiqlər gələcəkdə bu cür tədbirlərin, konfransların keçirilməsinin əhəmiyyətini vurğulayıb, konfransın işinə uğurlar arzulayıblar. Müxtəlif panel sessiyalarla keçirilən konfransın üçüncü günündə Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru t.ü.f.d.,dos Aynur Poluxova moderator kimi iştirak edib. Direktorun müavini t.e.d.,dos Nüşabə Pənahova “Neonatologiyada autoiltihabi xəstəliklərə yanaşma” mövzusunda təqdimatla çıxış edib. Konfransda uşaqların xəstələnməsinin qarşısının alınmasına və bu xəstəliklər nəticəsində inkişaf edən ağırlaşmaların azaldılmasına dair tətbiq edilən müasir müalicə üsulları və profilaktik tədbirlər, həmçinin də klinik pediatriyanın digər aktual məsələləri müzakirə olunub. Azərbaycan Pediatrları Assosiasiyasının “Türk Dünyası Pediatrların-Zirvə Görüşü Layihəsi 2024” çərçivəsində təşkil edilən konfrans zamanı tibb işçiləri üçün müntəzəm təlim-kursları keçirilib və sertifikatlar təqdim olunub.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *