Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda görkəmli Oftalmoloq alim Zərifə xanım Əliyevanın anım gününə həsr olunan konfrans keçirilib

  İlk öncə Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib Tədbirin açılış nitqində Səhiyyə Nazirirliyi K.Y.Fərəcova adına Elmi- Tədqiqat Pediatriya İnstitutunun direktoru t.ü.f.d., dos. Aynur Poluxova, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Oftalmologiya Mərkəzinin həkim- oftalmoloqu t.ü.f.d. Nübar Haşımova, “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai birliyinin sədri Ziba Nəbiyeva çıxış ediblər. Direktor çıxışında Zərifə xanım Əliyevanın həyat və yaradıcılıq fəaliyyətindən söz açıb. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Zərifə xanım Əliyeva mehriban ana, gözəl, sadə insan, eyni zamanda görkəmli alim kimi xatırlanır. Görkəmli oftalmoloq vaxtilə Azərbaycanda geniş yayılmış traxoma, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. Onun “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” və bu kimi digər monoqrafiyaları çap edilib. Akademik Zərifə Əliyeva nəsillərə örnək olacaq nümunəvi fəaliyyəti dövründə təkcə çalışdığı elm və tədris ocaqlarında, tibb müəssisələrində deyil, bütövlükdə çiyin-çiyinə yaşadığı ömür-gün yoldaşı ilə, sədaqətli övladları ilə birlikdə ölkənin ictimai həyatında yaxından iştirak etmişdir. Tədbirdə çıxış edən qonaqlar mənalı ömür yolu, peşə fəaliyyəti və elmi yaradıcılığı insanlıq üçün mənəviyyat və müdriklik örnəyi olan, eyni zamanda bütövlükdə xalqının tərəqqisinə, maariflənməsinə əvəzsiz töhfələr vermiş və cəmiyyətin tükənməz rəğbətini qazanmış Zərifə xanım Əliyevanın xalqımızın qəlbində əbədi yaşayacağını, daim dərin ehtiramla anılacağını diqqətə çatdırıblar. Daha sonra Zərifə Əliyevanın xatirəsinə həsr olunan videorolik nümayiş etdirilib. Konfransın ikinci elmi hissəsində Milli Oftalmologiya Mərkəzinin həkim- oftalmoloqu Aysel Əkbərova “Yenidoğulmuşlarda göz patologiyaları, profilaktikası və müalicəsi” mövzusunda təqdimatla çıxış edib. Sonda mövzu ətrafında geniş müzakirə aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *