Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Elnur Allahverdiyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, “91-lər” dən biri Şahlar Əsgərov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, YAP Yasamal rayon ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və fəal gənclər iştirak edib.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“8 Mart-Beynəlxalq Qadınlar Günü”nə həsr olunan video çarx nümayiş etdirilib.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli – mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Ölkəmizdə dövlət – qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşıb. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırıb, onların hərtərəfli fəaliyyətinə geniş meydan verib, lider qadınlar yetişdirib. Bu gün dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb.