Tədbiri giriş sözü ilə açan institutun direktoru t.ü.f.d.,dos. Aynur Poluxova bütün qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırıb, gələcək fəaliyyətlərində uğurlar diləyib. Direktor çıxışında milli əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində dayanan Azərbaycan qadınlarının öz iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynadığını, müstəqil Azərbaycanın bugünkü ictimai siyasi həyatında qadınlarımızın əvəzolunmaz yerinin olduğunu, onların ölkəmizin sosial-iqtisadi və mədəni həyatında öndə gedərək göstərilən etimadı layiqincə doğrulduqlarını bildirib. Eyni zamanda qadınlarımızın fəallığından söz açarkən Heydər Əliyev Fondunun prezidenti, birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çoxşaxəli fəaliyyətini xüsusi vurğulayaraq, xalqımızın zəngin maddi-mənəvi irsinin öyrənilməsində, qədim tariximiz və mədəniyyətimizin təbliğində onların misilsiz xidmətlərinin qadınlarımız tərəfindən örnək kimi qəbul edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra çıxış edən direktorun müalicə işləri üzrə müavini t.e.d. Nüşabə Pənahova dövlətimizin yürütdüyü məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün Azərbaycan qadınının yüksək pillələrdə dayandığını qeyd edib. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərib.
Çıxış edən digər həkim əməkdaşlar bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolunu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndiriblər. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəldiyini xüsusi vurğulayıblar.