Tədbirdə institutun rəhbərliyi və kollektivi iştirak edib.
Öncə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılışı institutun direktoru t.ü.f.d.,dos Aynur Poluxovanın nıtqiylə başlayıb. Direktor çıxışında soyqırım haqqında ətraflı məlumat verərək bildirib ki, faciədən 32 il ötməsinə baxmayaraq, bu gün millətin yaddaşında sağalmayan yaradır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə tarixə təkcə xocalılıların deyil, xalqımızın qanlı göz yaşları ilə yazılıb. Həmin gün Xocalıda erməni silahlı birləşmələri tərəfindən dinc sakinlərin xüsusi qəddarlıqla qətlə yetirilməsi bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir.
Daha sonra direktor Xocalı soyqırımının tanınmasından söz açıb. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-nın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda “Xocalı soyqırımı” və “Xocalı faciəsi” kimi, digər ölkələrdə isə “Xocalı qətliamı” kimi anılır və bu qətliam Azərbaycanın ən faciəli hadisəsi olub.
Ümummilli lider Heydər Əliyev siyasi kursunu layiqli şəkildə davam etdirən dövlətimizin başçısı İlham Əliyev Azərbaycan həqiqətlərinin və Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyətli layihələri reallaşdırır.
Heydər Əliyev Fondunun həm ölkəmizdə, həm də respublikamızın hüdudlarından kənarda təşkil etdiyi silsilə tədbirlər vasitəsilə dünya Xocalı soyqırımı haqqında həqiqətləri öyrənir.
Vətən müharibəsində Xocalı faciəsi qurbanlarının da qisası alındı, şəhidlərimizin qanı yerdə qalmadı. Antiteror əməliyyatları nəticəsində Xocalının azad olunması sağalmaz yaramız üçün bir təsəllidir.
Sonda Xocalı soyqırımına həsr olunan videorolik nümayiş etdirilib.