Uşaq doğulduqda diaqnoz qoyulmadığına görə, qidalandırılıb və 3 günlüyündə ağır vəziyyətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Reanimasiya və intensiv terapiya şöbəsinə (RİTŞ) çatdırılıb.
Ətraflı müayinə zamanı körpəyə qida borusunun atreziyası, distal traxeoezofageal fistul, aspirasion pnevmoniya diaqnozu qoyulub.
Həkim-reanimatoloq Gülnarə Quliyeva tərəfindən aparılan əməliyyatönü hazırlıqdan sonra körpə əməliyyata alınıb. Həkim-cərrah Umud Musayev tərəfindən uşaq cərrahı Zülfiyə Məmmədovanın assisentliyi ilə körpəyə sağ tərəfli torakotomiya, distal traxeoezofageal fistulun ləğvi, uc-uca ezofaqo-ezofageal anastomoz əməliyyatı icra olunub.
Əməliyyatdan sonra Reanimasiya şöbəsində kompleks müalicə davam etdirilib. Uşaq kafi vəziyyətdə, sağalma ilə evə yazılıb.
Körpənin valideynləri RİTŞ-nin şöbə müdiri Regina Nemətovaya, müalicə həkimi reanimatoloq Gülnarə Quliyevaya, Uşaq cərrahiyyə şöbəsinin müdiri Umud Musayevə, uşaq cərrahı Zülfiyə Məmmədovaya, anestezioloq Afaq Salmanovaya təşəkkür ediblər.