Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Dünya Görmə Günü çərçivəsində yenidoğulmuş və vaxtından əvvəl doğulmuşlarda göz xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə institutun rəhbərliyi, həkim-əməkdaşlar, həkim-rezidentlər iştirak ediblər.
Tədbirin açılış nitqində institutun rəhbərliyi problemin institut üçün nə dərəcədə əhəmiyyətli olmasından, ekstermal az kütləli uşaqların görmə üzvünün yoxlanılmasının retrolental fibroploziyanın hansı uşaqlarda rastlanmasına dair məlumat verib.
Tədbirdə çıxış edən Vaxtından əvvəl doğulanların patologiya şöbəsinin müdiri t.e.d.,dos. Adilə Hacıyeva bildirib: “Erkən Doğulanların Retinopatiyası, erkən doğulan körpələrin gözlərində görülən ən əhəmiyyətli sağlamlıq problemlərindən biri olaraq təyin edilir. Körpələrin gözlərindəki damarlar doğulana qədər inkişaf edir. Erkən doğulmuş körpələrdə bu inkişaf tamamlanmadığı üçün doğuşdan sonra da davam edir. Vaxtından əvvəl doğulmuş körpələri yaşatmaq üçün yüksək konsentrasiyalarda verilən oksigen göz damarlarının anormal inkişafına səbəb olur.
Daha sonra həkim-rezident Çiçək Məmmədova Vaxtından əvvəl doğulmuşların retinopatiyası mövzusunda təqdimatla çıxış edib. “Həkim-rezident erkən doğulanların retinopatiyası ən çox hansı uşaqlarda olur, uşaqların göz müayinəsi nə vaxt olmalıdır, xəstəlik erkən müalicə edilməzsə hər iki göz korluğa səbəb ola bilər”- deyə o bildirib.
Tədbirdə vaxtından əvvəl doğulan körpələrin oftalmoloq tərəfindən müayinə olunması, ROP müayinələrinin vaxtında həyata keçirilməsi və lazım gəldikdə profil üzrə mərkəzə (Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi) yönədilməsinin əhəmiyyəti bir daha vurğulanıb.
