Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 27 Sentyabr Anım günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə institutun rəhbərliyi və əməkdaşları iştirak ediblər.
İlk öncə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra rəhbərlik çıxışında Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə Ali Baş Komandanın ətrafında birləşərək rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımızın əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirməsindən söz açıb. “Vətən müharibəsinin başlanmasının növbəti ildönümünü qeyd etdiyimiz bir vaxtda müharibədə digər hərbi qulluqçularla yanaşı, tibb işçilərinin də iştirakını bir daha xatırlanmağına ehtiyac var”-deyə bildirib.
Çıxış edən digər həkim-əməkdaşlar müxtəlif tarixi anlara toxunaraq 30 ildən bəri işğal altında olan şəhər və kəndlərimizin azad olunması uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin şəhidlik zirvəsinə ucalan igidlərimizin qəhrəmanlıqlarından bəhs ediblər.
Sonda Anım günü ilə bağlı keçirilən tədbirdə həkim- şəhidlərimizə həsr olunan videoçarx nümayiş etdirilib.