Məktəbə getmək təkcə yazıb-oxumağı öyrənmək deyil. Məktəbə zehni, fiziki, psixi və sosial olaraq hazır olmaq lazımdır.
Uşağın məktəbə hazır olub-olmaması məsələsi bir çox valideyni narahat edir. İlk baxışdan bu narahatçılıq tamamilə normal hesab edilə bilər.
Uşaqların təqvim yaşı ilə onların psixoloji inkişafı arasında uyğunsuzluq ola bilər. Fiziki inkişaf boy, çəki, əzələ gücü və motor inkişaf ilə qiymətləndirilir. Bəzən ağır məktəb çantasının daşınması belə fiziki inkişafı zəif olan uşaq üçün çətinlik yarada bilər.
Evdən, ana və atadan ayrı qalmaq, oyunlara qoşula bilmək, özünü ifadə edə bilmək baxımından uşaqların psixi inkişafı dəyərləndirilməlidir.
Son aparılan tədqiqatlarda bir ailədən uşaqların (bacı-qardaşlar) eyni məktəbdə oxuması onların təhsil qabiliyyətini yaxşılaşdırır. Həmçinin, məktəblərin evə yaxın məsafədə yerləşməsi vacibdir.
Uşağın məktəbdə olduğu müddətdə qidalanması aktual problemlərdən hesab olunur. Bu zaman qidanın növü, onun keyfiyyəti və saxlanma şəraitinə xüsusi diqqət yetirilməlidir. Qida seçimi zamanı mümkün dərəcədə hazır qidalardan istifadə edilməməlidir.
Allergik xəstəlikdən əziyyət çəkən uşaqlar barəsində valideynlərin öncədən məktəb (sinif) rəhbərliyinə məlumat vermələri mütləqdir. Uşaq daimi olaraq dərman qəbul etməlidirsə, bu barədə də müəllimlərin öncədən məlumatlı olmaları məqsədəuyğundur.
Uşaqlar məktəbə getməmişdən əvvəl fiziki inkişaf, görmə, eşitmə müayinələrindən, həmçinin zəruri hallarda psixi və zehni inkişaf dəyərləndirilmələrindən keçməlidirlər.
Uşaq məktəbə getməyə başladıqda nələri bacarmalıdır (minimal tələblər)?
• Uşaq diqqətli olmağı bacarmalıdır. Ən azından bir işə 7-8 dəqiqə ərzində diqqət yetirməlidir;
• Uşaq sadə insan şəklini çəkməyi bacarmalıdır. Bu zaman baş, qol, ayaq cizgiləri sərbəst ifadə edilməlidir;
• Uşaq hisslərini aydın ifadə etməyi bacarmalıdır;
• Uşaq ilin fəsillərini, həftənin günlərini, bir qədər əlifbanı ( o cümlədən, yumru, üçbucaq və sair fiqurları bilməlidir), saymağı bacarmalıdır;
• Uşaq həmyaşıdları ilə dost əlaqələri qurmağı bacarmalı, oyun oynamağı, sırasını gözləməyi, oyun qanunlarını öyrənməyi bacarmalıdır;
• Uşaq gigiyenik qaydalara (əl yuma, diş fırçalama) riayət etməyi bacarmalıdır;
• Uşaq tualetini özü etməyə bacarmalıdır;
• Uşaq özünə məxsus olan əşyaları bilməli, tanımalı və özü toplamağı bacarmalıdır.
Məktəb dövründə uşaqlar tərəfindən qarşıya çıxa biləcək problemlər:
• Ayrılıq qayğısı, valideynlərdən ayrılma çətinliyi;
• Məktəb fobiyası;
• Dostluq edilmədə çətinlik;
• Məktəb və dərs qanunlarına tabe olmaqda çətinlik;
• Özünə inamsızlıq;
• Hiperaktivlik, diqqət defisiti;
• Məktəb və ev tapşırıqlarını yerinə yetirməkdə çətinlik.
Xüsusilə qeyd etmək istərdik ki, uşağınız məktəbə getməzdən öncə onun peyvənd cədvəlinə əsasən tam peyvənd olunmasını təmin etməyiniz ciddi tövsiyə olunur.
Uşağınızın məktəbə getməyə hazır vəziyyətdə olduğunu necə başa düşmək olar?
Zehni inkişafın, görmə, eşitmə, başa düşmə və onları yadda saxlama qabiliyyətinin, məntiqli düşünə bilməsinin, səbəbli nəticə əlaqəsinin, gələcəyə dair planların qura bilməsinin və kifayət qədər qavramanın olmasının vacibliyi. Düşünmə və danışma bir biri ilə əlaqəlidir. Ona görə də uşaq, düşündüklərini rahatlıqla izah edə bilməlidir. Uşağın hərfləri bilməsi, hətta onu yaza bilməsi məktəbə tam hazır olduğunu göstərmir. Qeyd olunanlar mühüm əhəmiyyət daşısa da, bunların tək olması kifayət deyil. Bəzi hallarda uşağın psixi inkişafı və sosial yönümlü olması daha vacib ola bilər.
Nərmin Əzizova
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı və dissertantı