Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) 15 sentyabr 2023-cü il tarixində “Uşaqlar arasında düzgün təxliyənin təşkili” mövzusunda seminar keçirilib
Seminarın açılışında institutun direktorun vəzifə səlahiyyətlərini icra edən t.ü.f.d.,dos. Aynur Poluxova, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin Ana və uşaq sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, direktorun elmi işlər üzrə müavini t.e.d., dos. Nailə Rəhimova çıxış ediblər.
Qeyd edilib ki, seminarın məqsədi yenidoğulanların aparılmış düzgün təxliyəsi nəticəsində neonatal ölüm səviyyəsinin azaldılması, “Ana və uşaqların sağlamlığının qorunması” üzrə Dövlət Proqramı çərcivəsində uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin yüksəldilməsi, xəstələrin təxliyəsi zamanı beynəlxalq meyarlarının tətbiq edilməsidir. Həmçinin yenidoğulanların təxliyəsi adlı metodik tövsiyə haqqında məlumat verilib. Metodik tövsiyədə təxliyənın növləri, yenidoğulanların təxliyəsinə göstəriş və əks göstərişlər, təxliyənin təşkili və bu zaman yenidoğulanların vəziyyətlərinin qiymətləndirilməsi ətraflı təsvir olunub. Təqdim olunan metodik tövsiyə reanimatoloq, neonatoloq, pediatr, həkim rezidentlər üçün nəzərdə tutulub və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının 23 may 2022-ci il tarixli Qərarı ilə təsdiq edilib. Bildirilib ki, ETPİ-də yenidoğulanların təxliyəsi bu metodik tövsiyə əsasında həyata keçirilir.
Əyani və distant (Zoom proqramı vasitəsilə) keçirilən seminarda “Yenidoğulanlarda təxliyənin prinsipləri”, “Elmi-Tədqiqat Pediatriya İnstitutuna daxil olan xəstələrin strukturu, profili və təxliyəsində yaranan problemlər”, institutunda statistik sənədlərin tərtibi qaydaları mövzularında çıxışlar olub.
Uşaq və körpələr arasında ölüm hallarının azaldılması məqsədilə keçirilən seminara distant olaraq respublikanın müxtəlif regionlarının iştirakı təmin olunub. Seminarda TTY stansiyalarının həkim mütəxəssisləri, həkim-pediatrlar, həkim-reanimatoloqlar, həkim-rezidentlər iştirak ediblər. Sonda mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.