ETPİ-də fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda tibb və qeyri tibb işçiləri üçün fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbirin açılışında çıxış edən institutun direktoru vəzifəsi səlahiyyətlərini icra edən t.ü.f.d.,dosent Aynur Poluxova qeyd edib ki, bu istiqamətdə həyata keçirilən işlər nəticəsində institutun işçiləri üçün təhlükəsiz və sağlam əmək şəraiti yaradılıb. Avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi yenilənib, yanğınsöndürən balonlar yenidən doldurulub və xəstəxana yeni balonlarla təmin edilib. Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin nümayəndələri iştirakçılara müxtəlif fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları haqqında məlumat veriblər. Həmçinin, insanların daha sıx toplaşdığı səhiyyə və digər sosial obyektlərin – klinikaların, poliklinikaların, doğum evlərinin, dispanserlərin, xəstəxanaların, körpələr və uşaq evlərinin, sanatoriyaların, istirahət evlərinin və digər müəssisələrin yanğın təhlükəsizliyinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyi vurğulanıb. Tədbirdə həmçinin son zamanlarda aktual olan ildırım çaxmasından qorunma yolları, zəlzələ baş verən zaman davranış qaydaları, civə qırılması zamanı atılacaq addımlar, dəm qazından boğulma təhlükəsi, 112 qaynar xətti mövzularında çıxışlar olub və maarifləndirici videoçarxlar nümayiş etdirilib. Tədbirin əsas məqsədi səhiyyə müəssisələrində çalışan hər bir işçinin yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl edilməsi, baş verən yanğın hadisələrinin səbəblərini və onların qarşısının alınması haqqında institut əməkdaşlarını məlumatlandırmaq olub. Sonda tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələri, onlardan istifadə qaydaları əyani olaraq göstərilib, iştirakçıların sualları cavablandırılıb.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *