Jurnalın yeni sayında ümumilikdə 14 məqalə yer alıb. Onlardan 4-ü icmal, 8-i orjinal, 2-i isə digər məzmunlu məqalələrdir.
Məlumat üçün bildiririk ki, “Azərbaycan Perinatologiya və Pediatriya Jurnalı” 2013-cü ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyəsi və bilavasitə dəstəyi sayəsində ildə 2 dəfə olmaqla çap olunur.
Jurnalın təsis olunmasında əsas məqsəd müasir dövrdə perinatologiya və pediatriya sahəsində əldə olunan elmi-praktik yeniliklərin və nailiyyətlərin ölkəmizin tibb müəssisələrində çalışan pediatrlar, mama-ginekoloqlar, neonatoloqlar, anestezioloq-reanimatoloqlar, həkim-rezidentlər, tələbələr və digər mütəxəssislərin nəzərinə çatdırmaqdır.
“Azərbaycan Perinatologiya və Pediatriya Jurnalı”nda perinatologiya, pediatriya, uşaq cərrahiyyəsi, ictimai səhiyyə və digər səhiyyə ixtisasları üzrə orijinal materiallar qəbul olunur, tibb üzrə fəlsəfə doktoru və elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyaların əsas elmi nəticələri dərc edilir. Jurnalın redaksiya heyətinə pediatriyanın bütün sahələrini təmsil edən tanınmış alimlər daxildir. Məqalələr məcburi ekspert rəyindən və elmi redaktədən keçir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin 13 mart 2015-ci il tarixli iclasında (protokol № 05-R) “Azərbaycan Perinatologiya və Pediatriya Jurnalı” Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.
Məqalələr Səhiyyə nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Azərbaycan Tibb Universitetinin I, II uşaq xəstəlikləri, Tibbi Mikrobiologiya İmmunologiya və Yoluxucu xəstəliklər, Ailə Təbabəti kafedraları, Səhiyyə nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Səhiyyə nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Səhiyyə nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutlarından qəbul olunur.
https://jpp.az/index.php/jperinatologiya