ETPİ-nin həkim-əməkdaşları “Ana və uşaq ölümlərinin azaldılması yolları” mövzusunda elmi-praktiki seminar və treninqlərdə iştirak ediblər

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Rusiya Federasiyası Səhiyyə Nazirliyinin akademik V.İ.Kulakov adına Mamalıq, Ginekologiya və Perinatologiya Milli Elmi-Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə 24-30 avqust tarixlərində Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda “Ana və uşaq ölümlərinin azaldılması yolları” mövzusunda elmi-praktiki seminar və treninqlər keçirilib. Seminarda müvafiq struktur bölmələrin rəhbərləri, mama-ginekoloq, neonatoloq, anestezioloq-reanimatoloq və mama ixtisası üzrə çalışan tibb işçiləri iştirak edib. Tədbirdə yüksək ixtisaslı həkim-təlimçilər tərəfindən “Ana və uşaq ölümlərinin azaldılması yolları” ilə bağlı qlobal mövzularda məruzələr dinlənilib.  Perinatal qulluğun keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı təqdimat və mühazirələrdən sonra iştirakçılara praktik bacarıqların inkişafı ilə bağlı treninqlər keçirilib. Altı gün davam edən təlimlərdə yenidoğulmuşa ilkin tibbi xidmətin göstərilməsi, müxtəlif patologiyalar zamanı  reanimasiya tədbirlərinin aparılması, simulyasiya avadanlığından istifadə etməklə praktiki bacarıqların tətbiqi ilə bağlı praktiki təlimlər baş tutub. Bundan əlavə aparıcı mütəxəssislər tərəfindən doğuşayardım müəssisələrində infeksiyaya düzgün nəzarət, tibb işçilərinin əl gigiyenası ilə bağlı təqdimatlar nümayiş olunub. Seminarda K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun elmi katibi, t.ü.f.d., dos. Sevinc Nəsirova, həkim- neonatoloqlar  t.e.d. Nüşabə Pənahova, Səbinə Məcidova,  Günay Hüseynova, həkim- reanimatoloqlar Solmaz Eyvazova, Aynur Nuri iştirak ediblər. Yekunda  test sorğusu aparılıb və iştirakçılara sertifikat təqdim edilib.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *