Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) Elmi Şuranın iclası keçirilib.
ETPİ-nin direktoru, Elmi Şuranın sədri t.ü.f.d. Lətif Zeyniyev iclasın gündəliyinə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun elmi bölmələrinin 2023-cü il üçün yarımillik hesabatı, ETPİ-nin doktorant və dissertantlarının mövzularının təsdiqini, o cümlədən cari məsələlərin daxil olduğunu bildirib.
İclasda elmi bölmələrin rəhbərləri 2023-cü il üçün yarımillik hesabat haqqında məruzə ilə çıxış ediblər.
Hesabatlar müzakirə olunub və müsbət qiymətləndirilib.
Daha sonra Tibb üzrə Fəlsəfə Doktoru elmi adını almaq üçün doktorant Hüseynova Nəzrin Fəxrəddin qızı “Vaxtından əvvəl doğulan uşaqlarda neonatal bakterial infeksiyalar zamanı metabolik və multiorqan disfunksiyasının diaqnozunun və proqnozunun optimallaşdırılması” mövzusunda və dissertant Bağırova Aynur Gülhüseyn qızı “Yüksək perinatal risk qrupundan olan müxtəlif hestasiya yaşlı yenidoğulan uşaqlarda serebral pozulmaların diaqnostik və proqnostik prediktorları” mövzusunda dissertasiya işini annotasiyasını təqdim ediblər. Təqdim edilən işlər müsbət qiymətləndirilib. Mövzular ətrafında müzakirələr aparılıb.
Müzakirədə ə.e.x.,t.e.d.,professor Nəsib Quliyev, t.e.d.,dos. Nailə Rəhimova t.ü.f.d.,dos Aynur Poluxova, t.ü.f.d.,dos. Fəxrəddin Qarayev, t.e.d., dos Adilə Hacıyeva, t.e.d. Pənahova Nüşabə, t.ü.f.d, Aytəkin Adilova iştirak ediblər.
Sonra institutun elmi katibi t.ü.f.d., dosent Sevinc Nəsirova institutda yeni yaradılan komissiyaların tərkibi, elmi hissəyə təqdim olunan metodik vəsaitlər, görüləcək işlər və tədbirlər haqqında ətraflı məlumat verib.
Sonda direktor Lətif Zeyniyev qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib.