Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəqəmsallaşma strategiyasına uyğun olaraq teletibb xidmətin təşkili və tətbiqi istiqamətində Səhiyyə Nazirliyi və “Salam Doktor” şirkəti ilə birgə K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda pilot layihəyə start verilib.
Bu münasibətlə institutda tədbir keçirilib.
Tədbirdə institutun baş həkimi, t.ü.f.d., dos Aynur Poluxova, institutun həkim kollektivi və “Salam doktor” layihə koordinatoru Şəhla Sadıxova iştirak ediblər.
Baş həkim t.ü.f.d., dos. Aynur Poluxova çıxışında bu cür layihələrin pasient və həkimlər üçün müsbət tərəflərini geniş açıqlayaraq bu barədə həkimlərlə təlimlərin keçirilməsini və işin təşkilində meydana çıxan probləmlərin həlli yollarını, irəli sürülən təklifləri həkim kollektivi ilə müzakirə ediblər.
Daha sonra çıxış edən layihə koordinatoru Şəhla Sadıxova bildirib ki, “Salam Doktor” platforması həkimlərlə pasientlər arasında audio, video və digər əlaqə vasitələri ilə konsultasiyaların aparılmasını təmin edən onlayn platformadır. Pilot layihə çərçivəsində vətəndaşlar telesəhiyyə vasitəsilə aparılan tibbi audio konsultasiya, video məsləhət və öncədən aparılmış müayinələrin nəticələrini həkimə göndərməklə yazılı məsləhət xidmətlərindən yararlana bilərlər. Bu xidmət çərçivəsində mərkəzlərdə pasientlərə audio və ya video zəng vasitəsilə xidmətlər göstərilir.
Sonda tədbirdə bu sahə ilə bağlı məsələlər barədə layihə koordinatoru Şəhla Sadıxova geniş açıqlama verib, kollektivi aktiv iştirak etməyə dəvət edib.