Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Pediatrik Təkmil Həyat Dəstəyi (Pediatric Advanced Life Support (PALS)) kursu keçirilib.
Tədbirin açılışı institutun direktoru t.ü.f.d. Lətif Zeyniyevin nitqiylə başlayıb. Direktor tədbir iştirakçılarına uğurlar arzulayıb.
Təlim Amerika Ürək Assosiasiyasının (AHA) ACLS, BLS, PALS üzrə beynəlxalq sertifikatlı təlimçiləri həkim Könül İsmayılova və Sevinc Muxtarova tərəfindən aparılıb.
Təlimdə uşaqlarda təcili və təxirəsalınmaz klinik halların idarə olunması, klinik alqoritmlərin tətbiqi, respirator çatışmazlıq hallarının menecmenti, obstruktiv, hipovolemik və kardiogen şoklarda təxirəsalınmaz yardım, aritmiyaların diaqnostikası və menecmenti, ürək dayanması, bradi- və taxiaritmiyaların müalicəsi, EKQ-nin əsasları və s. kimi mövzularda geniş məlumat verilib, bu istiqamətdə praktik tətbiqetmə-simulyasiya təcrübələri həyata keçirilib.Kurs nəzəri və praktiki qaydada keçirilib. 2 gün davam edəcək kursu uğurla bitirən iştirakçılara Amerika Ürək Assosiasiyasının beynəlxalq sertifikatı təqdim ediləcək.