08 may 2023-cü il Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Pediatriyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransın açılışı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra ulu öndər Heydər Əliyevə həsr olunmuş videorolik nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru t.ü.f.d. Lətif Zeyniyev Ulu Öndərin yaşadığı mənalı ömür yolundan, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi haqqında məlumat verib. Sonra ATU-nun I Uşaq Xəstəlikləri kafedrasının professoru, əməkdar elm xadimi, t.e.d. Nəsib Quliyev və kafedra müdiri, professor Səfixan Həsənov Ulu Öndərin ömür yolu və ictimai-siyasi fəaliyyəti ilə bağlı geniş məruzə ediblər. Tədbirin birinci hissəsi t.e.d., dos. Nailə Rəhimova və t.ü.f.d., dos. Aynur Poluxovanın sədrliyi ilə keçirilib. İnstitutun direktoru t.ü.f.d. Lətif Zeyniyev “ Uşaqlarda qastroezofageal refluks xəstəliyi” mövzusunda təqdimatla çıxış edib. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin neyrocərrahı Fərid Əsədov “Farmakorezistent epilepsiyaların müalicəsinə müasir yanaşmalar (Nervus vaqusun stimulyasiyası)”, institutun kiçik elmi işçisi İlhamə Mirzəyeva “Yenidoğulanlarda respirator distres sindroma müasir yanaşmalar”, kiçik elmi işçi Aytəkin Əliyeva “Nekrotik enterokolitin formalaşmasının epigenetik əsasları” mövzularında təqdimatlarla çıxış ediblər.
Tədbirin ikinci hissəsində t.e.d., dos. Adilə Hacıyeva və t.ü.f.d., dos. Sevinc Nəsirovanın rəhbərliyi ilə həkim-reanimatoloq Afət Ağayeva “Ventilyatora bağlı pnevmoniyalar”, kiçik elmi işçi Cəmilə Əhmədova “Yenidoğulanlarda rasional antibiotikoterapiyanın aparılması”, dissertant Samirə Nəsibova “Uşaqlarda boy qısalığına yanaşma” mövzularında təqdimatlarla çıxış ediblər. Sonda mövzular haqqında geniş müzakirələr aparılıb, tədbir iştirakçılarına sertifikat təqdim olunub.